Patriarx Kirill: Azərbaycan və Rusiya xalqları arasında mənəvi, mədəni əlaqələr daim inkişaf edir

Patriarx Kirill: Azərbaycan və Rusiya xalqları arasında mənəvi, mədəni əlaqələr daim inkişaf edir Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Moskvanın və bütün Rusiyanın Patriarxı şeyxülislamın problemin radikallaşmasının qarşısını alan dialoqa töhfəsini yüksək qiymətləndirdiyini deyib. Əlavə edib ki, bu, çox xeyirxah və çətin missiyadır. İnsanlar tərəfləri barışdırmağa çalışarkən anlaşılmamaq riski ilə qarşılaşırlar. Sülhyaratma missiyasını həyata keçirənlər sülhün ən böyük nailiyyət olduğunu anlayırlar.
Patriarx Kirill şeyxülislam Allahşükür Paşazadənin keçmiş SSRİ respublikalarının müsəlmanları arasında, eləcə də Rusiyada böyük nüfuza malik olduğunu vurğulayıb. Azərbaycanda böyük rus icmasının yaşadığını və rusların bu ölkənin həyatının mühüm tərkib hissəsi olduğunu qeyd edən Patriarx Kirill deyib: “Eyni sözləri Rusiyada yaşayan azərbaycanlılar haqqında da deyə bilərik. Onların arasında çox nüfuzlu şəxsiyyətlər var. Rusiyada insanlar dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmırlar, bərabər hüquqlara malikdirlər. Müxtəlif millətlərin nümayəndələrinə bu cür münasibət çoxmillətli dövlət kimi Rusiyanın unikal obrazını yaradır. Azərbaycanın Pravoslav Yeparxiyası həm də sizin dəstəyinizlə müvəffəqiyyətlə fəaliyyət göstərir. Bakı Pravoslav Yeparxiyasının Dini-Mədəni Mərkəzinin açılması Azərbaycan hökuməti ilə Pravoslav Yeparxiyası arasında mehriban münasibətlərin parlaq nümunəsidir”.
Rus Pravoslav Kilsəsinin başçısı müasir dövrdə insanların qarşılaşdığı əsas problemlərdən birinin terror olduğunu qeyd edib, terrorizmlə mübarizədə Rusiya ilə Azərbaycanın mövqeyinin eyni olduğunu diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi rəhbərinin toxunduğu məsələlər olduqca əhəmiyyətlidir. Dünyada baş verən hadisələr dini liderlərdən daha qətiyyətli addımlar atılmasını tələb edir. Bu gün bəzi qüvvələrin İslamın adından istifadə edərək qan tökməsi yolverilməzidir. A.Paşazadə dini liderlərin birləşməsinin dünyada gedən proseslərə müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə toxunan Allahşükür Paşazadə deyib: “Dövlətlərimizin başçıları bu istiqamətdə çox işlər görürlər. Qafqazda sabitliyi pozan, bəlkə də bu regionda qeyri-sabitliyin başlanğıcı olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində gördüyünüz işlərə görə sizə təşəkkürümü bildirirəm. Biz münaqişənin dini zəminə keçməməsi, dinc yolla həlli üçün göstərdiyiniz səylərə görə sizə minnətdarıq”.
QMİ-nin rəhbəri Patriarx Kirillin terrorizm və ekstremizm ilə mübarizədə səylərinin də Azərbaycanda dəstəkləndiyini qeyd edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubiley günlərində belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yada salmasının Patriarx Kirillin insanpərvərliyindən və sülhsevərliyindən xəbər verdiyini qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub. Məktubda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın, dinlərarası dialoqun, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin təmin edilməsinə yönəldilmiş fəaliyyətinin Patriarxa haqlı olaraq nüfuz və hörmət qazandırdığı vurğulanır. Onun Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın dinlərarası və konfessiyalararası dialoqun inkişafına töhfəsinin Azərbaycanda yüksək qiymətləndirildiyi bildirilir.

Patriarx Kirill: Azərbaycan və Rusiya xalqları arasında mənəvi, mədəni əlaqələr daim inkişaf edirPatriarx Kirill: Azərbaycan və Rusiya xalqları arasında mənəvi, mədəni əlaqələr daim inkişaf edirPatriarx Kirill: Azərbaycan və Rusiya xalqları arasında mənəvi, mədəni əlaqələr daim inkişaf edir

Tehsil-press.az

Oxşar xəbərlər