Təhsil prosesi ilə maraqlanan valideynlərin övladları daha yaxşı nəticə göstərirlər

Təhsil prosesi ilə maraqlanan valideynlərin övladları daha yaxşı nəticə göstərirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb-valideyn əlaqələrinə həsr olunan “Valideynlər – ilk müəllimlərdir” mövzusunda seminar keçirilib.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb-valideyn əməkdaşlığının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsinin əsas məqsədi valideyn və müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin səmərəliyini artırmaq, valideynlə məktəb arasında ünsiyyət mühiti yaratmaqdır. Valideynləri təşəbbüskar və fəal olmağa çağıran idarə müdiri məktəb-valideyn əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.
M.Vəliyeva vurğulayıb ki, bir qayda olaraq, təhsil prosesi ilə yaxından maraqlanan valideynlərin övladları daha yaxşı nəticə göstərirlər. “Valideynlərin övladının təhsilinə həssas münasibəti şagirdin nailiyyətinə müsbət təsir göstərir. Müəllim və valideynlərin qarşılıqlı anlaşması, onların bir-birini dəstəkləmələri uşağın inkişaf etməsi üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir. Son illərdə valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqələrini genişləndirmək üçün intensiv işlər görülür. “Məktəb icmaları”nın yaradılması və digər müvafiq tədbirlər bu istiqamətdəki davamlı fəaliyyətin nəticəsidir”, – deyə BŞTİ-nin müdiri vurğulayıb.
Tədbirdə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının təhsil komitəsinin nümayəndəsi Klara Mansurova “Təhsil üçlüyü: müəllim, şagird, valideyn” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, məktəbyaşlı uşaqlarla iş baxımından valideyn düşüncə və yanaşmasının təkmilləşdirilməsi davamlı prosesdir.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb, məktəb-valideyn münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb.

BŞTİ-nin Mətbuat Xidməti


Təhsil prosesi ilə maraqlanan valideynlərin övladları daha yaxşı nəticə göstərirlər

Oxşar xəbərlər