Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək

Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək Son illər qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Görülən işlərin davamı olaraq, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr, Nazirlər Kabinetinin 2016-cı il 9 sentyabr tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulub.
Tehsil-press.az-a bildiriblər ki, həmin sərəncamların icrası ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında bu ali təhsil ocağının nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Belə ki, məktəblə bağlı yaradılmış təşkilat komissiyasının üzvləri “Şahdağ” Turizm Mərkəzinə səfər edib, bu qurumun idarə heyəti ilə görüşüblər.
Səfər zamanı hazırkı infrastrukturla tanışlıq olub, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılıb.
Şahdağ Regional Peşə Məktəbi tərəfindən 2017/2018-ci tədris ilində ilk şagird qəbulunun mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə həyata keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər