İranda görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan konfrans keçirilib

İranda görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan konfrans keçirilib İranda Təbriz Universitetinin təşkilatçılığı ilə, XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib. İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdikləri tədbirdə ölkəmiz Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdə Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi keçirilən elmi tədbirin və qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb.
Akademik İ.Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi” mövzusunda məruzəsi maraqla dinlənilib.
Təbriz Universiteti ədəbiyyat fakültəsinin dekanı, professor Məhəmməd Mehdipurun “Saib və onun əxlaqi görüşlərinə baxış”, Türkiyə İstanbul Universitetinin professoru Məhəmməd Atalayın “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, gürcü alimi, professor Helen Ginaşvilinin “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi” , filologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi” və digər mövzularda məruzələr dinlənilib. Bundan başqa, Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Təbriz Universitetinin rektoru M.Purməhəmmədi ilə görüşüb, təcrübə mübadiləsi barədə müzakirələr aparıblar. Eyni zamanda, bir sıra Azərbaycan şairlərinin, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu şairlər məqbərəsi ziyarət edilib.

Tehsil-press.az

Oxşar xəbərlər