Nazir: “Azərbaycan İslamiadada hər idmançı üçün 50 dollar ödəyəcək”

Nazir: “Azərbaycan İslamiadada hər idmançı üçün 50 dollar ödəyəcək” Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib.

Təhsil-press.az-n məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru nəqliyyat və qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.
O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik".
Nazir onu da bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma Bağlanış Mərasimində yerli ulduzlar ola bilər".
Nazir müğənni Ledi Qaqaya "Bakı 2015" I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər".
Yeri gəlmişkən, bu gün BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Anlaşmaya gənclər və idman naziri, "Bakı 2017" İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imza atıblar.
Saziş Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşlığını nəzərdə tutur. Şirkət Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə 7 milli idman elçisinə, eləcə də "Bakı 2017" Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər