Baş mama-ginekoloq: Bu il 4 ana ölümü qeydə alınıb

Baş mama-ginekoloq: Bu il 4 ana ölümü qeydə alınıb Bu il yanvar ayının 1-dən bu günə qədər Azərbaycanda 4 ana ölümü qeydə alınıb.

Təhsil-press.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, ana ölümləri Tovuz, Goranboy, Ağcabədi rayonları və Bakının Qala qəsəbəsində baş verib.
S.Məmmədova əlavə edib ki, ölən anaların hamısının yaşı 30-dan yuxarı olub. onların hamısı təkrar hamiləliklər zamanı dünyalarını dəyişiblər.
S.Məmmədova qeyd edib ki, Tovuzda qeydə alınan ana ölümü hamilə qadının həkimə gec müraciət etməsi nəticəsində olub. Qeydiyyata gec düşən həmin qadın lazımi müayinələrdən keçməyib:
"O, xəstəxanaya daxil olanda mərkəzi cift gəlişi olub və cift düzgün yerləşməyib. Həkimlər onu daha yüksək üçüncü səviyyəli doğuşayardım müəssisəsinə göndərməyə cəhd ediblər. Bu zaman xəstənin vəziyyəti elə ağır və fəsadlaşmış formada olub ki, onu gətirib çatdırana qədər qanaxma baş verib. Əməliyyatın aparılmasına, lazımi səviyyədə qanın vurulmasına baxmayaraq, fəsadlaşmadan sonra qadının bədəni yenidən bərpa oluna bilməyib, nəticədə ölüm baş verib”.
Komissiya sədri vurğulayıb ki, Goranboydakı baş verən ana ölümünün səbəbi isə inkişafdan qalmış hamiləlik olub. Qadının əvvəllər disfunksiyasının olduğunu deyən S.Məmmədovanın sözlərinə görə, hamilə qalmasını gec yoxlayıb: “Bəzən test yoxlanışı da inkişafdan qalmış hamiləliyi müsbət göstərici kimi qeydə alır. Ona görə də testlərdə nəticə zəif də olsa müsbət göstərilir. Bu qadın inkişafdan qalmış olsa da hamilə olduğunu zənn edib. Həkimə yalnız qanaxma ilə müraciət edib. Həkim yardım etmək istəyib, narkoz verilib. Lakin qadın narkozdan ayıla bilməyib”.
S.Məmmədova əlavə edib ki, Qala qəsəbəsindəki ana ölümü evdə baş verən doğuş zamanı olub. Komissiya sədrinin sözlərinə görə, həkimə bir dəfə müraciət edilib, lakin o, sancı olduqda müraciət etməyi məsləhət görüb: “İki həftədən sonra qadının evdə sancısı tutub. Qohumları isə onu vaxtında həkimə gətirmək əvəzinə tam açılışın olmasını gözləməyi məsləhət biliblər. Əvvəldən anemiyası olan həmin qadın həkimə vaxtında müraciət etməyib, müalicə almayıb. Sancını sona kimi gözləsə də, nəticədə su kisəsi açılmayıb, belə halda ciftin vaxtın əvvəl qopması baş verib. Bu da qanaxma ilə nəticələnib və ölüm qeydə alınıb”.
Komissiya sədri qeyd edib ki, Ağcabədidəki ana ölümünə ağır preklamsiya səbəb olub. Bu qadının əvvəldən böyrəyində problemin olduğunu deyən S.Məmmədova bildirib ki, doğuşdan sonra onun böyrəyi fəaliyyətini dayandırıb: “Zahılığın 34-cü günündə qadın böyrək ağrısı ilə həkimə müraciət edib. Məlum olub ki, 10 günə yaxındır onun böyrəyi süzmür. Xəstə dərhal Respublika Klinik xəstəxanasına göndərilib. Ona nə qədər yardım göstərilsə də, dializə qoşulsa da həyatını xilas etmək mümkün olmayıb”.

Təhsil-press.az

Oxşar xəbərlər