Bakıda “Big Data Weekend” seminarı keçiriləcək

Bakıda “Big Data Weekend” seminarı keçiriləcək Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan Bölməsi və ADA Universiteti tələbə və mütəxəssisləri 15-17 aprel “Big Data Weekend” seminarlarına dəvət edir. İnformatika sahəsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş professor Cennifer Uidom ADA Universitetində böyük ölçülü verilənlər (“big data”) barəsinə təqdimat edəcək, daha sonra üç gün ərzində tələbə və mütəxəssislər üçün seminarlar keçirəcək.
“Böyük ölçülü verilənlər: perspektivlər və problemlər” mövzusunda ümumi təqdimat aprelin 15-i saat 10.00-da ADA Universitetinin böyük konfrans zalında başlayacaq. ADA Universitetindən kənar qonaqların iştirak etmək üçün 13 aprel saat 12.00-a qədər “Təqdimat iştirakçısı” kimi qeydiyyatdan keçməsi xahiş olunur. Təqdimat ingilis dilində ediləcək və hər kəsə açıq olacaq.
Məlumatda qeyd olunur ki, ingilis dilini yaxşı bilənlər, məntiq və sadə riyaziyyatdan xəbərdar olanlar, təməl proqramlaşdırma bacarıqlarına malik şəxslər “Seminar iştirakçısı” kimi qeydiyyatdan keçə bilər. Seminarda iştirak üçün ərizələrin qəbulu 10 aprel saat 18.00-a qədər davam edəcək, seçilmiş iştirakçılara e-poçtla məlumat veriləcək. Seminarlar 16-17 aprel saat 9.30-dan 18.00-a qədər ADA Universitetinin B Binasında keçiriləcək. Təlim ingilis dilində aparılacaq.
“Böyük ölçülü verilənlərlə həftə sonu” (“Big Data Weekend”) adlanan bu qısa kurs çərçivəsində professor Uidomun təqdim etdiyi seminarlar verilənlərin analizi və vizualizasiyası, maşın öyrənməsinin əsasları kimi mövzuları əhatə edəcək. Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü, ADA Universitetinin baş müəllimi Araz Yusubov bunun çox maraqlı və intensiv bir kurs olduğunu bildirib: “Təqdimatlar tələbələrlə sual-cavab, birgə tapşırıqların həlli, “Piton” proqramlaşdırma dilində praktik məşğələlərlə müşayiət olunacaq”.
Professor Uidomun Azərbaycana səfəri onun 2016-17-ci tədris ili ərzində 4 qitədə 15-dən çox ölkədə verdiyi açıq seminarlardan ibarət “Tədris odisseyası”nın bir hissəsidir. Bu barədə daha geniş məlumatı alimin veb-saytından əldə etmək olar.
Qeyd edək ki, Hesablama Maşınları üzrə Assosiasiya (ACM - Association for Computing Machinery) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır
Azərbaycan ACM Bölməsi 24 fevral 2012-ci ildə təsis olunub. Hazırda ADA Universiteti və Azərbaycan Texniki Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər