ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi başa çatdı

ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi başa çatdı Xəbər verdiyimiz kimi, 11-13 apreldə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi keçirilib. Xatırladaq ki, Azərbaycan ali təhsilinin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması layihəsi çərçivəsində ali təhsilin keyfiyyət təminatı üzrə Avropa Standartları və Təlimatlarına uyğun 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) pilot qiymətləndirmənin keçirilməsi üçün seçilib. Finlandiya və Estoniyadan olan təhsil ekspertləri, eləcə də müvafiq təlim keçmiş yerli ekspertlərdən ibarət qrup 3 gün müddətində ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Elmi Şuranın və Dissertasiya Şurasının üzvləri, struktur bölmələrinin rəhbərləri, müəllim və tyutorları, məzunları, tələbələri, ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimləri ilə görüşlər keçirərək sorğular aparıblar.
Aprelin 13-də ADPU-nun rektoru, professor Cəfər Cəfərovla görüşən təhsil ekspertləri keçirdikləri görüşlər, apardıqları sorğular əsasında ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi ilə bağlı rəy və təkliflərini universitet rəhbərliyinin diqqətinə çatdırıblar. Bildirilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. ADPU-nun rəhbərliyinin universitetin inkişaf strategiyası ilə bağlı qətiyyətli mövqeyi var və bu strategiyanı həyata keçirmək üçün ardıcıl və səmərəli fəaliyyət göstərir. Universitetin inzibati, pedaqoji və tələbə heyəti dəyişikliklərə hazırdır. Bununla yanaşı, təhsil ekspertləri görüşdə universitetin inkişaf strategiyasının prioritetlərə uyğun hazırlanması, qarşılıqlı etimad mühitinin yaradılması, təşkilati strukturun formalaşdırılması, idarəetmənin optimallaşdırılması, qəbul edilən qərarların dəqiq icra mexanizminə malik olması, tədris–təlim paradiqmasına ciddi yanaşılması, daxili keyfiyyət təminatı sisteminin yaradılması, tələbələrin pedaqoji təcrübələrinin tədris prosesinə inteqrasiyası, universitetin informasiya-komunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarının genişləndirilməsi, professor-müəllim heyətinin və əməkdaşların İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, tələbə-gənclərin ingilis dilini, eləcə də digər xarici dilləri öyrənmələri üçün onların mobillik proqramlarında iştirakının təmin edilməsi, ingilis dilində dərslik, dərs vəsaitlərinin sayının çoxaldılması, doktoranturaya qəbul olan gənclərin elmi işlərinin keyfiyyətinə diqqətin artırılması, məzunların universitetin ümumi inkişaf prosesinə cəlb edilməsi və kampus (müasir tələbə şəhərciyi) yaradılmasının vacibliyi ilə bağlı fikir və təkliflərini irəli sürüblər. Qeyd edək ki, beynəlxalq ekspert qrupu iki ay müddətində yekun hesabat hazırlayıb Təhsil Nazirliyinə və ADPU-ya təqdim edəcək. Sonra birgə konfransın keçirilməsi və layihənin nəticələrin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Sonda təhsil ekspertləri onlara göstərilən səmimi münasibətə və yaradılan şəraitə görə universitetin rəhbərliyinə təşəkkür ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov təhsil ekspertlərinin rəy və təkliflərinin nəzərə alınacağını bildirərək onlara universitetin inkişafına verdikləri dəstəyə görə təşəkkür edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-nun “Twinning” layihəsi üzrə akkreditasiyasının birinci mərhələsi başa çatdı

Oxşar xəbərlər