ADPU-nun rektoru, professor Cəfər Cəfərov Finlandiya və Estoniyanın təhsil ekspertləri ilə görüşüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Finlandiya və Estoniyanın təhsil ekspertləri ilə görüşüb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov noyabr ayının 15-də universitetdə Finlandiya və Estoniyanın təhsil ekspertləri Rauko Hamalainen, Reyt Tompere və Orjan Anderson ilə görüşüb. Görüşdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Tofiq Əhmədov, ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, ADPU 1921-ci ildə yaradılıb. Fəaliyyət göstərdiyi 95 il ərzində ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib. Hazırda ADPU-da 8 fakültə -Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və təlim şöbəsi, həmçinin SABAH qrupları var. ADPU-nun tərkibində 5 filial-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci fəaliyyət göstərir. Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb builki tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşib. Bu gün ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. Ölkə rəhbərliyi təhsil sahəsinə, o cümlədən pedaqoji təhsilə və müəllim hazırlığına xüsusi diqqət və qayğı göstərir. Rektor Finlandiya və Estoniya ali təhsil müəssisələrinin yaratdığı Rektorlar Konfransı kimi təşkilatların ali məktəblərin inkişafı üçün faydalı platforma olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Twinninq” layihəsi Azərbaycan ali təhsilini Avropanın ali təhsil məkanına daha da yaxınlaşdırmaq, ali təhsil müəssisələri arasında əlaqələri inkişaf etdirmək, müxtəlif platformaların yaradılmasında Avropa təcrübəsini bölüşmək məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində yaradılan İşçi Qrupu ADPU-da sentyabr, oktyabr və noyabr aylarında təlimlər keçirib.
Finlandiya və Estoniyanın təhsil ekspertləri səmimi və işgüzar şəraitdə keçən görüşdən məmnun qaldıqlarını bildirərək öz ölkələrində olan təcrübələri bölüşüb və bunların bir çoxundan Azərbaycan ali təhsil müəssisələrinin faydalana biləcəyini qeyd ediblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-nun rektoru, professor Cəfər Cəfərov Finlandiya və Estoniyanın təhsil ekspertləri ilə görüşübADPU-nun rektoru, professor Cəfər Cəfərov Finlandiya və Estoniyanın təhsil ekspertləri ilə görüşüb

Oxşar xəbərlər