Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı aparılan laborator müayinələrin nəticəsi açıqlandı

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı aparılan laborator müayinələrin nəticəsi açıqlandı Səhiyyə Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində əhali arasında iyunun 7-dən qeydə alınan mədə-bağırsaq infeksiyası ilə bağlı apardığı laborator müayinələrin nəticəsini açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus aşkar edilib:
"Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsinin olduğu ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb, aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir".
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur. “Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.
ASC-dən qeyd ediblər ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.
L.Bayramova bildirib ki, son 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri aşkar olunub. Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir, onların vəziyyətləri kafidir və yaxın vaxtlarda evə buraxılacaqlar.
L.Bayramovanın sözlərinə görə, infeksiya baş vermiş ərazidə tibbi profilaktik tədbirlər davam etdirilir.
Qeyd olunan ərazidə əhali arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin aparıcı mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin araşdırılmasını və aidiyyəti qurumlarla birgə kompleks əksepidemik tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, 2 gün əvvəl Sumqayıt şəhərində az yaşlı uşaqlar arasında kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına çox sayda müraciət daxil olub.

Təhsil-press.az

Oxşar xəbərlər