Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir (YENİLƏNİB-3)

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir (YENİLƏNİB-3) Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan! Hörmətli xanımlar və cənablar! Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah və tərəqqi arzulayıram.
Prezident Ərdoğana minnətdaram ki, məni bu toplantıya dəvət etdi. Mənə göstərilən qonaqpərvərliyə görə də minnətdaram".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür: "Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi altında əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi altında çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı da bunun bir təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına bütün azərbaycanlı bacı-qardaşlarının səmimi salamlarını çatdırıram".
Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: "Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir, o cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir. Onların içərisində xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsini qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi".
Prezident qeyd edib ki, Azərbaycan qədim neft diyarıdır: "Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsuli ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda 1846-cı ildə çıxarılmışdır. Ondan bir əsr sonra, yəni XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən neft Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdir. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Müstəqillik dövründə isə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başlamışdır".
İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illərində – 1994-cü ildən Azərbaycan ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarların üzünə açdı və 1994-cü ildən başlayaraq Azərbaycan neft sahəsində böyük sərmayə qoymağa başlamışdır: "1994-cü il eyni zamanda əlamətdar bir tarixdir, çünki bu ildə “Əsrin müqaviləsi” imzalanmışdı ki, bu da bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır. Bundan sonra Azərbaycanda çox zəngin qaz yatağı – “Şahdəniz” yatağı aşkar edildi. Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetdir. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, elə bu gün “Cənub Qaz Dəhlizi”nin resurs bazasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan müasir dövrdə artıq neft və qazı hasil edən və ixrac edən ölkəyə çevrilmişdir. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi Ərzurum qaz kəməri inşa edilmişdi. Bundan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdi. Beləliklə, Azərbaycanın təbii resurslarını dünya bazarlarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılmışdı.
2006-cı ildə qardaşım Prezident Ərdoğanla Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında birgə iştirak etdik. O vaxt biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. Həmin vaxtdan bu günə qədər bizim bütün planlarımız həyata keçdi. Çünki biz bu gün “Cənub Qaz Dəhlizi” kimi nəhəng meqalayihənin üzərində çalışırıq. Onun da təməli Türkiyədə, İstanbul şəhərində qoyulmuşdu. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında anlaşma imzaladıq. TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır və bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir".
Dövlət başçısı xatırladıb ki, bu layihə 4 hissədən ibarətdir: "Birinci hissə “Şahdəniz” qaz yatağıdır. Burada “Şahdəniz 2” layihəsinin icrası artıq 93 faizə çatıbdır. Yaxın aylarda tam başa çatacaqdır. İkinici hissə Cənubi Qafqaz kəməridir, Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir. Burada işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü hissə və ən əsas hissə TANAP qaz kəməridir, burada da tamamlanma səviyyəsi 77 faizdir və gələn il biz bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə Transadriatik kəməridir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu 4 önəmli layihə “Cənub Qaz Dəhlizi”ni təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur. Bu vəsaitin böyük hissəsi artıq qoyulubdur".
Prezident deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir və gələcək illərdə, 10 illiklər ərzində Azərbaycan qazı həm region ölkələrinin, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək: "Cənub Qaz Dəhlizi"nin icrasında 7 ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Gələcəkdə 3 Balkan ölkəsi də “Cənub Qaz Dəhlizi”nə qoşula bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Yəni biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Və bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar, yəni Azərbaycan, həm də tranzit ölkələr və istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı, tarazlığı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarır. Çünki burada texniki, maliyyə, iqtisadi və siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində bundan sonra həm bölgə ölkələrini, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir".
Azərbaycan Prezidenti bildirib ki, bu gün qaz faktoru dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir: "Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir, çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə artıq aşkarlanıbdır və yeni xətlə bu qaz ehtiyatları Avropa bazarlarına çıxarılacaqdır. Yəni bizim üstünlüyümüz ondan ibarətdir ki, hər iki faktor burada var. Bu da enerji diversifikasiyası istiqamətində çox ciddi bir addımdır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz məsuliyyətini dərk edir: “Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək, ümid edirəm ki, yaxşı nəticələr göstəririk. Bu konqresdə əlbəttə ki, neft-qaz məsələləri diqqət mərkəzindədir.
Çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə bilərdik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır, neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq ki, “qara qızıl”ı insan kapitalına çevirək və hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə çox şəffaf şəkildə qoruyuruq".
İlham Əliyev əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb: "Birinci şərt tam şəffaflıqdır. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə verilir. İkinci məsələ neftdən əldə edilən gəlirlərin düzgün istifadə olunmasıdır. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eləcə də son illərdə tikdirdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini ixrac edirik. Biz sosial infrastruktur layihələrinə, məktəb və xəstəxanaların tikintisinə böyük vəsait ayırmışıq. Yoxsulluqla çox ciddi mübarizə aparırıq. Neft sektoru əslində çox iş yerləri yaradan sektor deyil. Buna baxmayaraq biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün haradasa 5-6 faiz səviyyəsindədir. Yəni düzgün siyasət və düzgün addımlar nefti həm faydalı edə bilər, həm də bundan ölkələr problemlər görə bilər. Hesab edirəm ki, Azərbaycanın təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə xarici sərmayə qoyulur və biz də öz növbəmizdə xarici ölkələrə sərmayələr qoyuruq. Burada birinci yerdə qardaş ölkə Türkiyədir: Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaq. Biz sözlə, bu gün enerji təhlükəsizliyi deyəndə bizim icra etdiyimiz layihələr yada düşür.
Bir daha çıxışımın əvvəlinə qayıtmaq istəyirəm. Türkiyə və Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir, bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət edir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır.
Əziz qardaşım, bir daha mənə göstərilən qonaqpərvərliyə, dəvətə görə Sizə minnətdaram! Konqresin işinə uğurlar arzulayıram!”

Təhsil-press.az

Oxşar xəbərlər