ADNSU: Neft-mexanika fakültəsinin uğurları

ADNSU: Neft-mexanika fakültəsinin uğurları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin 80-dən çox III və IV kurs tələbələri 15-dək müəssisədə (Azertexnoline, ATEF Holding, Neft-Kimya Prosesləri İnstitutu, SOCAR-ın Kompleks Qazma İşləri Tresti və s.) təcrübə keçirlər.
Dekan qeyd edib ki, fakültədə təhsilin inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün səmərəli tədbirlər reallaşdırılır. Tələbələrdən bir nəfəri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində iki illik magistr proqramının təqaüdünü qazanaraq Axen şəhərində “Simulation Sciences” ixtisası üzrə təhsilini davam etdirir.
Eyni zamanda, dörd tələbə 2016-2017-ci tədris ilinin yaz semestrində təhsillərini Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetində davam etdirib. Bir tələbəmiz isə SOCAR-ın “Yay məktəbi” layihəsi çərçivəsində Almaniyanın Düsseldorf şəhərində təcrübə keçərək sertifikat alıb.
“2018-2019-cu tədris ilində Azərbaycanın təhsil sistemində yeni texniki–texnoloji ixtisasların standartlarına keçid olacağını bildirən dosent Əli Hikmət Əhmədov qeyd edib ki, bununla əlaqədar fakültədə müəyyən hazırlıq tədbirləri həyata keçirilir.
Dekan bildirib ki, bakalavriat pilləsində 812, magistratura pilləsində 51 tələbənin təhsil aldığı fakültədə hazırda materialşünaslıq mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, mexanika mühəndisliyi və təkrar emal və bərpa texnologiyaları mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
Fakültənin professor və müəllimlərinin son bir ildə 8 elmi məqaləsi “Thomson Reuters” agentliyinin siyahısına daxil olan jurnallarda çap edilib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər