“Həkim olub, insan həyatını xilas edəcəyik”

“Həkim olub, insan həyatını xilas edəcəyik” Vaxtilə azərbaycanlı tibb tələbələri və həkimləri elektron mikroskopu izləmək üçün xarici ölkələrə gedib növbəyə dayanmalı olurdular. Bu gün isə belə mikroskop və ümumiyyətlə hər növ müasir tibbi avadanlıq Azərbaycan Tibb Universitetinin kafedralarında var. Bu da indi ATU tələbəsi olanların daha üstün olduğunun göstəricisidir. Bu fikirlər bu gün Azərbaycan Tibb Universitetində (ATU) Bilik Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Dövlət himninin səslənməsi ilə başlanan toplantıda rektor, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək bu əlamətdar günün yaranma tarixindən danışıb. Tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən rektor, ATU ailəsinə yeni qoşulanlara universitetin fəaliyyəti haqqında da məlumat verib: “Tibb Universiteti böyük tarixə və dərin ənənələrə malik olan tədris ocağıdır. Bu ali məktəbin məzunları arasında məşhur alimlər, professorlar, tanınmış müəllimlərimiz var. Və mən inanıram ki, indi burda əyləşən gənclərimiz də gələcəkdə o seçilən mütəxxəssislər sırasında olacaqlar”.
Rektor G.Gəraybəyli Azərbaycanda tibbi təhsil və səhiyyənin inkişafına dövlət tərəfindən xüsusi qayğının olduğunu qeyd etdi. Onun sözlərinə görə, ATU nəzdində Onkoloji, Tədris-terapevtik, Stomatoloji və Tədris-cərrahiyyə klinikalarının yaradılması da məhz bu diqqətin təzahürüdür: “ATU nəzdində yeni klinikaların açılması cənab prezident İlham Əliyevin səhiyyə, tibb təhsili sahəsinə xüsusi qayğısı ilə əlaqəlidir. Bu istiqamətdə atılan addımların elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında böyük köməyi olacağından əminəm”.
Tədbirdə qeyd olundu ki, 2017/2018-ci tədris ilində ATU-ya 956 nəfər qəbul olunub. 2017/2018-ci tədris ilində hazırlıq şöbəsini bitirdikdən sonra 573 nəfər xarici ölkə vətəndaşı I kursa qəbul olub. Bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplamış 395 nəfər, 700 bal toplamış 3 nəfər ATU-da təhsil alacaq. Prezident təqaüdçülərinin sayı isə 26 nəfərdir.
Bilik Günü münasibətilə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da şıxış edərək tələbələri təbrik etdi: “Ali məktəbin qapısından içəri daxil olmaq – insanın yaşadığı ən xoş hislərdən biridir. Bu gün təhsil sahəsində çox böyük uğurlar əldə olunub”. O, həmçinin ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirildiyini bildirib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı, ATU-nun məzunu Məlahət İbrahimqızı Azərbaycan təhsilinin və səhiyyəsinin infrastrukturunda əsaslı islahatlar aparıldığını qeyd etdi. Bildirdi ki, bütün bu irəliləyişlərin kökündə Azərbaycanın daim artan iqtisadi gücü dayanır. Tələbələri təbrik edənlər sıasında Milli Məclisin üzvü, ATU-nun məzunu və ictami nəzarət şurasının sədri İlham Məmmədov da vardı.
Yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edən ATU-nun histologiya, sitologiya və embriologiya kafedrasının müdiri, professor Eldar Qasımov tələbələrə öyüd-nəsiyyət verdi: “Orta statistik nəticələr göstərir ki, məktəblilərin çoxu gələcəkdə həkim olmaq istəyirlər. Amma onların 9-10 faizi buna nail olur. Siz artıq ATU tələbəsi olduğunuz üçün seçilmişlərdənsiniz, daim öyrənməyə həvəsli olmalısız. Pedaqoqla yanaşı, siz özünüz də oxumağı həqiqətən istəməlisiniz. Çünki sizlər həkim olub, kimlərinsə həyatını xilas edəcəksiniz”.
ATU-nun II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova həkimlik peşəsinin üstünlükləri və çətinliklərindən söz açdı: “Hər bir valideyn övladının Tibb Universitetində oxumasını istəyər. Lakin hər adamdan həkim olmur. Həkim böyük bir şəxsiyyətdir, özünü digərlərinə həsr edən, hər kəsin dərdini bölüşən və rəhmli insan olmalıdır”.
ATU-nun II müalicə-profilaktika fakültəsinin tələbəsi, 700 bal toplamış Ziya Müslümov da tədbir iştirakçıları ilə öz həyəcan və sevincini bölüşərək gələcəkdə məhz bu cür həkim olacağına, ATU-nun adını layiqlə daşıyacağına söz verdi.

ATU-nun Mətbuat Xidməti


“Həkim olub, insan həyatını xilas edəcəyik”“Həkim olub, insan həyatını xilas edəcəyik”“Həkim olub, insan həyatını xilas edəcəyik”“Həkim olub, insan həyatını xilas edəcəyik”

Oxşar xəbərlər