Azərbaycan müəllimləri Tbilisidə keçirilən “Müəllimlərin elektron-virtual əlaqəsi” adlı seminara qatılıblar

Azərbaycan müəllimləri Tbilisidə keçirilən “Müəllimlərin elektron-virtual əlaqəsi” adlı seminara qatılıblar Oktyabrın 4-də Tbilisidə “Müəllimlərin elektron-virtual əlaqəsi” adlı seminar işə başlayıb.
11 ölkədən 50-dən çox nümayəndənin iştirak etdiyi seminarda Azərbaycanı İsmayıllı şəhər 1 nömrəli məktəbin müəllimləri təmsil edirlər.
Seminarda müəllimlərin müxtəlif layihələrdə iştirakı, şagirdlərin təhsilində virtual elektron əlaqələndirmənin rolu, virtual təhsil, müəllim və şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunur.
Gürcüstanın təhsil nazirinin müavini Arçil Karaulaşvili seminarda çıxış edərək, Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasında təhsilin rolu, müəllimlərin elektron-virtual əlaqələrinin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, müəllimlərin elektron-virtual əlaqəsi, bununla əlaqədar seminar, konfrans və simpoziumların təşkili olduqca vacibdir.
“British Council” məktəbinin səfiri Kris Uilliam “E-tvinninq” layihəsinin əhəmiyyətindən danışıb, bəzi ölkələrin, eləcə də Azərbaycanın bu seminarda “E-tvinninq plus” ölkələri sırasında iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, əsas məqsəd iştirakçı müəllimlərin ölkələrinin tarixini, mədəniyyətini, ədəbiyyatını virtual formatda, elektron vasitələrlə bir-birinə çatdırmaq, təhsil sahəsində mövcud problemlərin həlli ilə bağlı layihələr hazırlamaq, yeni metodiki qaydaların daha müasir formada təhsil müəssisələrində tətbiqinə nail olmaqdır.
O, çıxışında Azərbaycanda müəllimlərin müxtəlif fənlər üzrə müstəqil layihələr hazırlamasını yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan məktəblərində belə layihələrin qalibi olmuş 4 nəfərdən 2-si bu seminarda iştirak edir. Bu da Azərbaycanda təhsilin inkişafında “E-tvinninq” layihəsinin yüksək göstəricisidir.
Azərbaycanda keçirilmiş elektron-virtual layihələr çərçivəsində qalib gəlmiş İsmayılı şəhər 1 nömrəli məktəbin ingilis dili müəllimi Şükufə Nəcəfova jurnalistlərə müsahibəsində deyib ki, ölkəmizdə təhsilin inkişafında tətbiq olunan bu forma olduqca yaxşı nəticələr verir. Məktəbin iki müəlliminin – onun və musiqi müəllimi Sura Mehdiyevanın hazırladıqları layihələr respublika üzrə keçirilmiş yarışda qalib olub. Bu layihələr müəllim və şagirdlərin təhsilinin, tarix, mədəniyyət və digər fənlər üzrə əlaqələrin inkişafında elektron-virtual vasitənin əhəmiyyətini sübut etdi.
Musiqi müəllimi Sura Mehdiyeva bildirib ki, əvvəllər çoxları musiqi fənnini o qədər də yüksək qiymətləndirmirdi: “Lakin hazırladığım layihə ilə musiqimizin, xalq yaradıcılığı və sənətkarlığın inkişafındakı rolu bir daha sübut etdi ki, musiqinin dili, heç də başqa dillərdən geri qalmır”.
Sonra seminar kollokvium və panellərdə işini davam etdirib.
Seminar oktyabrın 6-da başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər