ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb

ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılış mərasimi keçirilib.
ADU-nun rektoru Kamal Abdulla qırmızı lenti kəsib və tədbiri açıq elan edib.
Müəllimlər günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Kamal Abdulla qeyd edib ki, məhz bu gündə universitet üçün əlamətdar hadisə baş verir: “Azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək”.
İsmixan Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən Kamal Abdulla onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib.
İsmixan Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onu işıqlı, qayğıkeş insan kimi qiymətləndirib.
Kamal Abdulla İsmixan Rəhimovla bağlı xatirələrini də bölüşüb.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın açılmasını son günlərdə ADU rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi qiymətləndirib: “Sizin bu addımla İsmixan Rəhimov çox sevdiyi bu universitetə yenidən qayıdıb”.
Millət vəkili İsmixan Rəhimovu son dərəcə mühüm şəxsiyyət kimi qiymətləndirib və qeyd edib ki, ən ali sərvətimiz olan müstəqillik onun ən böyük arzusu idi, o, bütün varlığı ilə istiqlala inanırdı: “Bu inamı doğrulduğuna, arzusu həyata keçdiyinə görə o, çox xoşbəxt idi”.
Şair Sabir Mustafa İsmixan Rəhimova həsr etdiyi şeirləri oxuyub.
İsmixan Rəhimovun qızı, ADU-nun müəllimi Sevda Rəhimova göstərdiyi diqqətə, nəcib təşəbbüsə görə onun ailəsi adından universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda İsmixan Rəhimovla bağlı qısa film nümayiş etdirilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da İsmixan Rəhimov adına auditoriya açılıbADU-da İsmixan Rəhimov adına auditoriya açılıbADU-da İsmixan Rəhimov adına auditoriya açılıbADU-da İsmixan Rəhimov adına auditoriya açılıbADU-da İsmixan Rəhimov adına auditoriya açılıb

Oxşar xəbərlər