Azərbaycandan Avropaya siyasət dərsi

Azərbaycandan Avropaya siyasət dərsi Azərbaycan zaman-zaman Avropa qurumlarının haqsız tənqidləri və qarayaxma kampaniyaları ilə qarşılaşır. Hətta elə vəziyyət yaranıb ki, bu tənqid və kampaniyalar bəzən bir qədər səngiyəndə düşünürsən: “Bəlkə Avropa qurumları “haqqın yolu”na gəlib?” Amma çifayda, çünki mütəmadi olaraq istər Avropa İttifaqı olsun, istər Avropa Şurası, istərsə də Avropa Parlamenti – bir sözlə, adı “Avropa” sözü ilə başlayan əksər qurumların, onların rəhbərlərinin, nümayəndələrinin ikiüzlü siyasətinin (“ikili standartlar”dansa bu ifadə daha da yerinə düşür) şahidi oluruq.
Suallar yaranır: daim əməkdaşlığa açıq olan Azərbaycana qarşı bu münasibətin səbəbi nədir? Məgər Avropanın dərdi ölkədə demokratiyanın tam bərqərar olub-olmaması ilə bağlıdır? Qətiyyən yox. Maraqlıdır ki, Avropadan kənarda az qala biri digərinin üstünə qışqıranda da buna “söz azadlığının pozulması” donu geyindirilir, lakin “köhnə qitə”nin düz mərkəzində - Almaniyada, İngiltərədə, həmçinin bir neçə gün əvvəl İspaniyada polislərin kütləyə qarşı zorakılığına göz yumulur. Oxşar misallarla yazını çox uzatmaq olar.
Bu yaxınlarda Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın ünvanına əsassız bəyanatlar səsləndirdi, hətta ölkəmizin quruma üzvlükdən çıxarılması məsələsinə toxundu. Məhz Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqların getdiyi bir vaxtda (!) Yaqlandın bu çıxışına səbəb nə idi? Əslində, cavab çox sadədir: cənab Yaqland Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafından narahat olan, buna mane olmağa çalışan bəzi qüvvələrin boyunduruğu altındadır.
Bütün bu məsələlərə ötən gün Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev də ətraflı toxundu, avropalı rəsmiləri narahat edən məqamlara aydınlıq gətirdi və Yaqlandkimilərin cavabını verdi.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın inkişafına sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar, Azərbaycanı totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər:
“Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik”.
Prezident İlham Əliyev sərbəst toplaşma azadlığına da toxunub, Azərbaycanda bu azadlığın tam təmin olunduğunu, heç bir məhdudiyyət tətbiq edilmədiyini və müxalifətin müntəzəm surətdə mitinqlər keçirdiyini bildirib:
“Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar, əsasən, partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq”.
O ki qaldı, Avropa Şurasından çıxmaq məsələsinə, Azərbaycan Prezidenti bu məqama da aydınlıq gətirdi:
“Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik”.
İlham Əliyev haqlı olaraq vurğuladı ki, seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞ PA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı:
“Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.
Həqiqətən də Azərbaycan Avropa Şurasından çıxsa, nə baş verəcək, nə dəyişəcək? Azərbaycan nə itirəcək? Heç nə. İtirən yalnız AŞ olacaq. Avropa Şurası bu illər ərzində Azərbaycan üçün nə edib ki? Ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində hansı köməkliyi göstərib? Əksinə, bu məqamda da Azərbaycan ikili standartlarla qarşılaşıb. Bir də ATƏT-in Minsk qrupunun qeyri-qənaətbəxş, qeyri-obyektiv fəaliyyətini qeyd etmək lazımdır.
Aİ rəsmiləri ilə görüşdə dövlətimizin başçısı vurğuladı ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır:
“Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq”.
İlham Əliyev Azərbaycanın Şərq Tərəfdaşlığı Zirvə görüşündən gözləntilərindən də danışıb:
“Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz”.

Təhsil-press.az

Oxşar xəbərlər