Azərbaycan Universitetində Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd olunub

Azərbaycan Universitetində Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd olunub Bu gün Azərbaycan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 9 noyabr – Dövlət Bayrağı günü və 12 noyabr – Konstitusiya günü münasibəti ilə maarifləndirici mühazirə təşkil olunub. Mühazirəni Azərbaycan Universitetinin müəllimi, Bilik Fondunun lektoru, tarix elmləri doktoru, professor Anar İsgəndərov aparıb.
Tədbiri Bilik Fondunu Ölkədaxili layihələr sektorunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva açaraq fondun fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb. Qonaq Azərbaycan Universiteti ilə Bilik Fondu arasında cari ilin aprel ayında anlaşma memorandumu imzalandığını diqqətə çatdırıb. Elnarə Əliyeva qeyd edib ki, memoranduma əsasən tərəflər ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərir və müştərək layihələr həyata keçirirlər. Qonaq fondun nəzdində fəaliyyət göstərən klublar haqqında da məlumat verib və tədbir iştirakçılarını klubların fəaliyyətinə qoşulmağa səsləyib.
Professor Anar İsgəndərov çıxışında üçrəngli bayrağımızın və Azərbaycan Respublikasının Konstitusiyasının yaranması tarixindən danışıb. Professor çıxışında 1918-ci il mayın 28-də qurulmuş Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk bayrağının üçrəngli olmamasının səbəbini izah edib. Anar İsgəndərov bildirib ki, həmin il noyabrın 9-da həmin bayraq türkçülük, islamçılıq və müasirlik ideyalarını əks etdirən üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olunub. Bu formulun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Professor çıxışında qeyd edib ki, sovet imperiyası dövründə AXC-nin bayrağı qırmızı rəngli oraq-çəkicli bayraq ilə əvəzlənib. AXC-nin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Anar İsgəndərov Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlər Bayrağı Meydanı – memorial abidə haqqında da məlumat verib və 2010-cu ildə Ginnes dünya rekordları təşkilatının meydandakı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etdiyini xatırladıb.
Anar İsgəndərov bildirib ki, 23 aylıq AXC dövründə dövlət quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm addımlar atılsa da, coğrafi məfhum olan “Azərbaycan” ifadəsini siyasi məfhuma çevrilsə də, konstitusiya qəbul edilməyib. Sovet imperiyası dövründə 1921, 1925, 1937 və 1978-ci illərdə 4 konstitiusiya qəbul edilsədə, imperiyanın süqutu ilə sonuncusu - 1978-ci il konstitusiyası öz qüvvəsini itirib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundub. Bu gün, 1996-cı il noyabrın 1-də ümummilli lider Heydər Əliyevin sərəncamı Konstitusiya günü elan edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd olunub

Azərbaycan Universitetində Dövlət Bayrağı günü və Konstitusiya günü qeyd olunub

Oxşar xəbərlər