““ASAN Xidmət” Azərbaycanda həqiqətən inqilab etdi” - Prezident

““ASAN Xidmət” Azərbaycanda həqiqətən inqilab etdi” - Prezident “Bir dost və tərəfdaş ölkə kimi Azərbaycan bu inkişaf yolunda Əfqanıstanla çiyin-çiyinə dayanmaqdan fəxr edir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qəni ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
“Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir. Bizim gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və havaməkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”, - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər: “Həmin səbəbdən müzakirə etdiyimiz mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlər var. Burada biz böyük potensial görürük. Bu gün biz ikitərəfli iqtisadi əməkdaşlığa dair çox vacib məsələləri müzakirə etdik. Müzakirə olunan məsələlər onu göstərir ki, gündəliyimiz olduqca genişdir. Bu gün imzalanan sazişlər də bizə imkan verəcək ki, məqsədlərimizə uğurla nail olaq. Biz iqtisadi əməkdaşlıq və islahatlarla bağlı bütün məsələlərin müzakirəsi üçün birgə işçi qrup yaradacağıq.
Biz fəxr edirik ki, Əfqanıstan “ASAN Xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. “ASAN Xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik. Azərbaycan müstəqillik dövründə bir sistemdən digərinə - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Ölkəmiz xaos, dağıntı, tənəzzül və 1000 faizlik inflyasiyadan inkişaf, tərəqqi və firavanlığa, işsizliyin və yoxsulluğun aşağı səviyyədə olduğu bir vəziyyətə keçid etdi. Hesab edirəm ki, bizim bu təcrübəmiz əfqan qardaşlarımız üçün maraqlı ola bilər. Praktiki əməkdaşlıq məsələləri sırasında biz bu gün qarşılıqlı ticarətin həcminin artırılması yollarını müzakirə etdik. Burada böyük potensial mövcuddur. Biz Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik. Sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində də böyük potensial var”.
Nəqliyyat şəbəkəsinə dair müzakirələrin də aparıldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır: “Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq. Bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir. Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur. Beləliklə, nəqliyyat şəbəkəsinin yaradılması yalnız yeni imkanlar yaratmır, o, həmçinin inkişafa da töhfə verir. Biz öz ölkəmizdə də bunun şahidi oluruq. Hətta kənd yollarını tikəndən sonra biz dərhal istehsalda artım, bazarlara asan çıxış və inkişafın canlanmasını müşahidə edirik. Bu səbəbdən ölkələrimizin Mərkəzi Asiya və Avropa dəmir yolları şəbəkələri ilə birləşdirilməsi həqiqətən də tarixi nailiyyətdir.
Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar. Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var. Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq və artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir. Beləliklə, biz razılığa gəldik ki, müvafiq dövlət qurumları bu məsələlərlə gündəlik qaydada məşğul olacaq, mütəmadi surətdə prezidentlərə hesabat verəcəklər. Ümid edirəm ki, bizim müdaxiləmizə ehtiyac yaranmayacaq, işlər vaxtında və lazımi qaydada aparılacaq. Qarşıdan gələn dövrdə ölkələrimiz arasında iqtisadi sahədə daha da güclü əməkdaşlığın şahidi olacağıq. İqtisadi əməkdaşlığımız siyasi əməkdaşlıqla eyni səviyyədə olmalıdır. Bu, bizim məqsədimizdir”.

Tehsil-press.az




Oxşar xəbərlər