Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər.

Təhsil-press.az-ın məlumatına görə, Azərbaycan prezidenti İ.Əliyev deyib:
-İlk növbədə, cənab Prezident, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Fransada olmaqdan çox məmnunam. Siz Azərbaycanda iki dəfə səfərdə olmusunuz. Bu, əslində Fransa-Azərbaycan əlaqələrinin bir göstəricisidir.
Aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir.
Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər.
Cənab Prezident qeyd etdi ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən MEDEF-də olarkən bir daha böyük qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər.
Humanitar sahədə də əməkdaşlıq çox uğurludur. Cənab Prezident həm mədəniyyət və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bizim Prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq Universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu Universitetə çox böyük maraq var.
Biz bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edirik. Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.
Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar.
Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram.

Təhsil-press.az

Oxşar xəbərlər