Bu il Azərbaycandan 140 milyon dollarlıq tomat ixrac edilib

Bu il Azərbaycandan 140 milyon dollarlıq tomat ixrac edilib 11 ayda 71 ölkədən 444.6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzin “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın 22 faizdən çox artıb. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon dollar). Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon dollar) tutub.
Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.
Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39.7 milyon dollar, qızılın ixracının dəyəri 17.9 milyon dollar və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16.1 milyon dollar təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub.
“İxrac İcmalı”nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycanda nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "VN Food Export Import Company" MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.
“İxrac İcmalı”nda 2017-ci ilin 11 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 11 ayı ərzində dünyanın 71 ölkəsindən 444.6 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına 2017-ci ilin noyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri 47.3 milyon dollar təşkil edib.
Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.4 %) ilə yanaşı, Türkiyənin (7.1%), Ukraynanın (5.8%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır. Noyabr ayında Küveyt, CAR, Suriya, Macarıstan, Makedoniya kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, noyabr ayında ən çox ixrac sifarişləri aşağıdakı mallara daxil olub: alma, nar, nar şirəsi, nar konsentratı, toyuq yumurtası, çay, günəbaxan yağı, qarğıdalı yağı, pambıq yağı, meyvə cemi, fındıq ləpəsi, tütün, makaron, uşaq bezi, ipək xalça, şərab, qənnadı məhsulları soğan, şüşə qablar, mühərrik yağı, şəkər tozu, quru süd və s. Maraqlıdır ki, noyabr ayında nara və ondan istehsal olunan məhsullara sifarişlərin artdığı müşahidə olunub. ABŞ, İngiltərə, Cənubi Afrika Respublikası, Rusiya, Ukrayna, Avstraliya, Qətər və s. ölkələrdən bu məhsullara sifarişlər daxil olub.
Həmçinin “İxrac İcmalı”nda Dubayda və Ciddə şəhərlərinə həyata keçirilən ixrac missiyası, Kənd Təsərrüfatı Nazirliyinin biyanın dünya bazarlarına ixracı imkanları ilə bağlı apardığı araşdırması, İT xidmətlərin ixrac potensialı, pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə keçirilən təlim və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Təhsil-press.az

Oxşar xəbərlər