REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov dekabrın 18-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci və 3-cü kurs tələbələri ilə görüşüb.
Tədbirdə həmçinin rektorun köməkçisi Elsevər Nağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev və İmtahan adminstrasiyasının rəhbəri Vasif Həsənov iştirak edib
Tədbiri açan rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində məqsəd 2017-2018 tədris ilinin payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.
Yusif Yusibov bildirib ki, universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyası tədris planlarında nəzərdə tutulan müddətdə keçirilir. Fakültələr tərəfindən imtahan qəbul ediləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır. Universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu, şifahi və qabiliyyət formasında qəbul edilir.
Məlumat verilib ki, 2016-2017-ci tədris ilinin payız və yaz semestrlərində ilk dəfə təhsil ixtisaslarında bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə imtahanlar şifahi formada qəbul olunub və müsbət nəticələr əldə edilib. Ona görə də müsbət təcrübəni sonrakı semestrlərdə də inkişaf etdirmək üçün universitetin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.
Tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında (www.gdu.edu.az) elektron formada yerləşdirilib. Eyni zamanda test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılıb.
Qeyd edilib ki, payız və qış sessiyaları müddətində imtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası”, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə Təhsil nazirliyinə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və sualların məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılıb.
Qiymətləndirmə prosesindən də danışan rektor Yusif Yusibov deyib ki, təhsilin hər iki səviyyəsində keçirilən test, yazılı, şifahi və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılır. Yazılı (təhsil ixtisaslarında bəzi fənlərdən şifahi) imtahanların keçirilməsi üçün ixtisas kafedraları tərəfindən hər birində 5 sual olmaq şərti ilə 30 ədəd bilet hazırlanır, fakültə tədris-metodik şuralarında və kafedra iclaslarında müzakirə edilərək təsdiq edilir.
Test, yazılı və şifahi imtahanlarla yanaşı yaradıcılıq tələb edən “Musiqi müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında bəzi fənlərdən imtahanlar qabiliyyət formasında keçirilir. Yazılı, şifahi və qabiliyyət imtahanları üçün qabaqcadan hər biri 5 sualdan ibarət olmaq şərtilə kafedralar tərəfındən imtahan biletləri hazırlanır. Tələbələr qabiliyyət imtahanı zamanı ya yazılı, ya da biletdə göstərilmiş xüsusi normativləri yerinə yetirməklə imtahan verirlər. Tələbənin imtahandan topladığı ballarla semestr ərzində topladığı ballar cəmlənərək nəticəsi imtahan qəbul edilən gün müstəsna hallarda isə növbəti gün elan edilir.
Tələbələrə təyin olunan təqüdlərdə də danışan rektor Yusif Yusibov bildirib ki, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun olaraq semestr nəticələrinə görə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Bu zaman (ÜOMG)-si yüksək olan ödənişli əsaslara təhsil alan tələbələrə də təqaüd təyin edilir.
Həmçinin universitet tələbələrinin təhsilə marağını artırmaq məqsədi ilə semestr nəticələrinə əsasən fakültələrdə stimullaşdırıcı (məqsədli) təqaüdlər təsis edilərək xüsusi fəal tələbələrə verilmişdir.
Tədbirdə çıxış edən universitetin İmtahan aparatının rəhbəri Vasif Həsənov imtahanların texniki təşkili, keçirilməsi qaydası, həmçinin tələbələrin semestr imtahanlarında diqqət yetirlməsi vacib olan məsələlər haqqında gənclərə ətraflı məlumat verib.
Bildirilib ki, semestr imtahanlarında yazılı imtahan üçün tələbələrə 2 saat, dövlət imtahanında isə yazılı imtahanlara 3 saat vaxt verilir. Həm semestr, həm də dövlət imtahanı üçün hər tələbəyə variant hazırlanır və otaqlar müəyyənləşdirilir. Semestr və dövlət imtahanlarında yazılı imtahanlar üçün otaqlar ayrılır, hər otaqda müxtəlif ixtisaslardan ən çoxu 5 nəfər olmaqla tələbələrin imtahan verməsinə şərait yaradılır. Yazılı imtahanlar başa çatdıqdan sonra tələbələrin yazılı sənədələri rektorluğun nümayəndəsi təərfindən kodlaşdırılaraq, yoxlanılmaq üçün müvafiq fənnin müəllimi dəvət edilir.
İmtahan sessiyasına hazırlıq, keçirilməsi və yekunları universitet Elmi Şurasında müzakirə edilərək lazımi qərarlar qəbul edilir.
Sonda rektor tələbələri şəxsən dinləyib, onları marqlandıran sualları cavablandırıb. Tələbələrin üzləşdikləri çətinliklərin təhsil qanunvericiliyinə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti üzrə konkret tapşırıqlar verib. Səsləndirilən müraciətlərin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb.

GDU-nun Mətbuat Xidməti


REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBREKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Oxşar xəbərlər