Bakı Ali Neft Məktəbi "Ernst & Young"la əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ernst & Young” (EY) şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və şirkətin İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.
Görüş zamanı rektor qonaqları Ali Məktəbdə görməyə şad olduğunu bildirərək, BANM-ın fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcəyə olan planları haqqında məlumat verib. Rektor Günel Fərəcovanın BANM tələbələrinə keçirdiyi “İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirərək, EY tərəfindən bu və oxşar tipli seminarların təşkil olunmasını böyük qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini istəyib.
Cənab İlqar Vəliyev EY şirkətinə olan diqqət və marağa görə Elmar Qasımova təşəkkür edib, daha sonra EY-ın fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Şirkətin İdarəedici Partnyoru qeyd edib ki, bu istiqamət üzrə fəaliyyətdə EY həm Ali Məktəbdə səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin BANM-ın gələcək mühəndis məzunlarını EY şirkətinə işə cəlb etməkdə maraqlı ola bilər.
Görüş zamanı EY tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, BANM tələbələrinin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün EY şirkətinə təcrübəsinin təşkil olunması, EY tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər görüşün sonunda bir neçə fəaliyyət istiqaməti üzrə qarşılıqlı razılığa gəliblər.
Qeyd edək ki, EY Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit şirkətidir.
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün EY Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderdir. Geniş bilik və təcrübə sayəsində həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edir.
Hal-hazırda Bakı ofisində Azərbaycan Respublikasındakı müştərilərə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər