Estoniyada həbs edilən azərbaycanlı iş adamı azadlıqda - 10 il sonra...

Estoniyada həbs edilən azərbaycanlı iş adamı azadlıqda - 10 il sonra... 2007- ci ildə Estoniyada həbs edilən azərbaycanlı iş adamı Əhliman Zeynalov bu gün azadlığa çıxıb.
Bu barədə Tehsil-press.az-a vaxtilə onun hüquqlarını müdafiə etmiş vəkili Cavanşir Süleymanov məlumat verib. O qeyd edib ki, Ə. Zeynalovun həbsi ilə bağlı BMT-yə İnsan Hüquqları Komitəsinə 2011-ci ildə müraciət edib: “ 2015-ci ildə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Fakültətiv Protokolunun 5(4)- cü maddəsinə uyğun olaraq fəaliyyət göstərən İnsan Hüquqları Komitəsi Sazişin 14- cü maddəsinə əsasən müəllifin hüquqlarının pozulduğunu açıqlayıb. Eyni zamanda 3 (a) bəndinə uyğun olaraq qeyd edilib ki, iştirakçı dövlət ( Estoniya) zərərçəkmişi səmərəli hüquqi müdafiə vasitələri ilə təmin etmək məcburiyyətindədir. Bu, sövdələşmə hüquqları pozulan şəxslərə kompensasiya verilməsini tələb edir. Buna görə də Komitə 180 gün ərzində iştirakçı dövlətdən görülən tədbirlər ilə bağlı Komitənin rəylərinə təsir edəcək məlumat istəyir. Həmçinin BMT komitəsi zərərçəkmişə pul kompensasiyasının ödənilməsini, Komitənin qərarını barədə eston və rus dillərində informasiyanın geniş şəkildə yayımlanmasını və görülən işlər barədə 180 gün ərzində BMT-yə məlumat verilməsini bildirib.
Ancaq BMT komitəsinin qərarının icrası üzrə bütün maddələr çoxdan bitsə də, Estoniyanın səlahiyyətli orqanları hələ də göstərişi icra etməyib.
Qeyd edirəm ki, Ə. Zeynalovun saxlanılmasına əsas isə əvvəllər narkotik satdığına görə məhkum olan Estoniya vətəndaşı Marqo Mitalyanın ifadələri olub. M. Mitalyan məhkəmə ilə əməkdaşlıq çərçivəsində bildirib ki, guya onun cinayətkarlıq fəaliyyəti Estoniyadakı rus icmasının nümayəndəsi iri sahibkar Roman Vaşenko və Əhliman Zeynalov tərəfindən maliyyələşdirilib. Həbs olunan Vaşenko və Zeynalov narkotik alverinə bağlılıqlarını qəti sürətdə inkar edib, cinayət təqibini Estoniyanın siyasi polisi “KAPO” ilə əməkdaşlıqdan imtinaya görə intiqamla əsaslandırılıblar.
M.Mitalyan 3 dəfə Ə. Zeynalovun əleyhinə ifadə verib. İfadələrdən ikisində verdiyi tarixdə iş adamı Azərbaycanda anasının evində qonaq olub.
İstintaq zamanı bir qram da olsa narkotik aşkarlanmayıb. İş üzrə keçirilmiş bütün tədbirlər onun günahsız olduğunu təsdiq edib.
3 il ərzində onlar “KAPO” ilə əməkdaşlığa təşviq edilib. Hətta təqsirin qismən etirafına görə onlara şərti cəza kəsiləcəyi bildirilib. Ancaq həmin şəxslər haqsız olan ittihamı boyunlarına götürməyib. Beləliklə də 2010- cu ildə “Kapo” işi Haryus qəza məhkəməsinə göndərib. Məhkəmə də 31 mart 2010-cu il tarixdə Əhliman Zeynalovu 14,5 il müddətinə, Roman Vaşenkonu isə 9 il müddətinə azadlıq məhrum edib. Estoniyanın yuxarı instansiya məhkəmələri apellyasiya və kassasiya şikayətinə baxmaqdan imtina edib. Həmçinin məhkəmə tərəfindən onun üzərinə qoyulan 736 avro məbləğində ödənilməli olan təzminat 2 il 9 ay müddətinə həbs cəzası ilə əvəz edilib. Daha sonra Ali Məhkəmə ödənilməli olan məbləği və əlavə həbsi də ləğv edib”.
O iki gün ərzində ölkəyə qayıdacaq.
Qeyd edək ki, yanvarın 5-də Estoniya məhkəməsənin verdiyi qərarda bildirilir ki, məhkəmə cinayət törədilməsi şəraitini, Ə.Zeynalovun şəxsiyyətini və onun daha əvvəlki həyat yolunu, cəzasını çəkdiyi müddətdəki davranışını nəzərə alaraq onun şərti azadlığa çıxarılmasına qərar verib.
Həbsxana da onun haqqında müsbət xarakteristika verib. O həbs oldunduğu müddətdə müxtəlif kurslara qatılıb. Mainor universitetini qiyabi bitirib. Beləliklə də türmə də onun azadlığa çıxmasını dəstəkləyib.
Xatırladaq ki, Əhliman Zeynalov 3 dekabr 2007-ci ildə Estoniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər