Elmar Qasımov: Gənclik ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvətdir

Elmar Qasımov: Gənclik ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvətdir Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru E.Qasımov Gənclər Gününün yaranmasından danışıb. Qeyd edilib ki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib. Həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd olunmağa başlayıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan BANM-in fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksəkixtisaslı, ingilisdilli, peşəkar və müasir standartlara cavab verən gənc mühəndislər yetişdirməkdir. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir və məhz elə bu keyfiyyətin nəticəsidir ki, onun ilk məzunları artıq SOCAR , BP, “Halliburton”, “Maire Tecnimont”, “Schlumberger”, Türkiyədə “STAR” Neft Emalı Zavodu və s. kimi transmilli şirkətlərdə çalışırlar.
E.Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-in tələbələrini təbrik edib, uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov BANM-in fəaliyyətini yüksək dəyərləndirib, bu ali məktəbin ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildiriblər.
BANM-i müxtəlif müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbələr mükafatlandırılıblar. Tədris ili ərzində müxtəlif sahələrdə fəallıq göstərən və uğur əldə edən tələbələrə, BANM-da keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, təlimlərin, müxtəlif daxili müsabiqələrin qaliblərinə, respublikada və xaricdə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvlərinə həvəsləndirici diplom, sertifikat və hədiyyələrlə verilib.
Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.

Hikmət Əliyev


Elmar Qasımov: Gənclik ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvətdir

Oxşar xəbərlər