Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb

Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumtəhsil müəssisələrində keçirilən görüşlər yekunlaşıb.

Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Sonuncu görüşlər Suraxanı rayonu Dədə Qorqud qəsəbə 315 və Qaraçuxur qəsəbə 104 nömrəli tam orta məktəblərdə təşkil edilib.
Əvvəlcə qonaqlar məktəblərlə tanış olub, sinif otaqlarında dərs prosesini müşahidə edib, tədris ocaqlarının pedaqoji kollektivi, şagird və valideynlərlə görüşüblər.
Görüşlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturunun əsaslı yenilənməsi, məktəblərdə şagirdlərin hərtərəfli vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmasından danışılıb.
Daha sonra “Azərbaycan Xalq Cümhuriyyəti İli” və “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin qarşısında duran vəzifələr, məktəblərin mövcud imkanlarından səmərəli istifadə olunması, şagirdlərin fərdi xüsusiyyətlərinə əsasən onlarla işin düzgün təşkili, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblərin təminat-təchizatı, müəllimlərin peşəkarlığının və şagirdlərin mütaliə vərdişlərinin artırılması, valideyn-məktəb əməkdaşlığı və digər müvafiq məsələlərdən bəhs olunub.
Görüşlərdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, bir həftə ərzində davam edən görüşlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, məktəblərdə təşkil edilən görüşlər, həmin təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini daha yaxından müşahidə etməyə imkan verib.
Həmçinin məktəb direktorları, müəllim və valideynlər onları düşündürən məsələlərdən söhbət açıblar.
Qeyd edək ki, fevralın 12-dən başlanan görüşlər paytaxtın ətraf ərazilərindəki bir sıra ümumtəhsil məktəblərində təşkil edilib. Belə ki, görüşlər Qaradağ rayonu Çeyildağ qəsəbə Səyavuş Muradov adına 224 nömrəli ümumi orta, Səngəçal qəsəbə Fəzail Qədimov adına 222, Korgöz qəsəbə Elman Heydərov adına 197, Qızıldaş qəsəbə Azər Namazov adına 180 və Puta qəsəbə Kamran Yaqubov adına 184 nömrəli tam orta, Xəzər rayonu Qala qəsəbə 216, Zirə qəsəbə 324 nömrəli tam orta və Qışlaq sahəsi 122 nömrəli ümumi orta, Sabunçu rayonu Pirşağı qəsəbə 188 və 305 nömrəli tam orta, Suraxanı rayonu Dədə Qorqud qəsəbə 315 və Qaraçuxur qəsəbə 104 nömrəli tam orta məktəblərdə keçirilib.

BŞTİ-nin Mətbuat Xidməti


Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıbPaytaxtətrafı məktəblərdə görüşlər başa çatıb

Oxşar xəbərlər