Xocali soyqiriminin 26-cı ildönümü ilə əlaqədar İsveçrədə aksiya təşkil olunub

Xocali soyqiriminin 26-cı ildönümü ilə əlaqədar İsveçrədə aksiya təşkil olunub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Bu barədə Tehsil-press.az-a Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.
Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi “Waisenhausplatz“ meydanında baş tutmuş aksiya Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən mərkəzin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə danışıb. O bildirib ki, Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 26 il ötsə də, faciənin əsl səbəbkarları hələ də cəzalandırılmayıb və Ermənistanda yüksək vəzifələr tuturlar. Azərbaycanlı dinc əhaliyə qarşı törədilən soyqırım aktına İsveçrə və dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
Daha sonra aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasının tələb edirik” kimi sözlər yazılan transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələr nümayiş etdirildirilib.
Aksiya çərçivəsində həmçinin “Waisenhausplatz“ meydanında Xocalı soyqırımı qurbanlarına həsr olunan foto sərgi təşkil olub. Sərgidə qanlı gecəyə aid şəkillər, uşaqlar tərəfindən „Xocalı uşaqların gözü ilə“ mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib. Sərgi yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb. Aksiya təşkilatçıları sərgini izləyən şəxslərə soyqırım barədə əlavə məlumatlar verib və onların suallarını cavablandırıb.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu yüzlərlə məlumat broşuraları hazırlanaraq müxtəlif yerlərdə əhali arasında paylanıb.
Aksiyada o cümlədən soyqırım qurbanlarının xatirəsinə hazırlanmış üzərlərində „Justice for Khojaly“ internet saytının loqosu əks olunan 613 ədəd qara şar şəhər sakinlərinə paylanıb və tədbirin sonunda meydandan havaya buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər