Məleykə Abbaszadə: Bəzi namizədlər sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib

Məleykə Abbaszadə: Bəzi namizədlər sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib "Dövlət qulluğu ilə əlaqədar müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən iclasda bildirib.
M.Abbaszadə qeyd edib ki, nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib:
"Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq".
M.Abbaszadə qeyd edib ki, qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişiklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib.
Direktor Şurasının sədri əlavə edib ki, indiyə qədər ümumilikdə 1488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə etmişdir. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilmişdir. 11 yanvar 2018-ci il tarixdə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.
İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina etmiş, 231 namizəd isə müsahibələrdə iştirak etməmişdir. 5 nəfərin nəticəsi etibarsız hesab edilib.
Sədr xüsusi olaraq vurğulayıb ki, müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib.
DİM-in maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sədr bildirib ki, Mərkəzin büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmaq məqsədilə audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılıb, müvafiq prosedurlar həyata keçirilib, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olub, nəticədə “Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər