Dövlət qulluğuna qəbul üzrə imtahanda 990 nəfər uğur qazanıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda 990 nəfər uğur qazanıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə dekabrın 17-də keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 3 min 40 namizəddən 990-ı uğur qazanıb.
Qeydiyyatdan keçən namizədlərin 1887-si kişi, 1153-ü isə qadın olub. Kişilər üzrə ən çox namizədlər 25-29 yaş, qadınlar üzrə ən çox namizədlər isə 20-24 yaş intervalında olanlardır. 60-64 yaş intervalı üzrə qeydiyyatdan keçənlərin sayı altı nəfərdir və hamısı kişidir. Qadınlardan isə 55-59 yaş intervalında olan dörd nəfər qeydiyyatdan keçib. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 50 yaşdan yuxarı namizədlərdən yalnız biri imtahanı uğurla keçib.
Ümumilikdə isə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 527-si, yəni 44,3 faizi 20-24 yaş intervalında olan namizədlərdir. Bu yaş kateqoriyasına aid 307 kişi və 220 qadın uğur qazanıb. 25-29 yaş intervalında isə cəmi 380 nəfər lazım olan balı toplaya bilib. Belə ki, imtahanda uğur qazanan namizədlərin 907-si, yəni təqribən 90 faizi yaşı 29-dək olan gənclərdir. 30-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 83 nəfərdir. Bu onu göstərir ki, gənclər dövlət qulluğunda çalışmağa daha meyillidirlər. Son illər bu sahədə həyata keçirilən tədbirlər və yaradılan imkanlar gənclərin dövlət qulluğuna daxil olmasını stimullaşdırır.
Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim olunub və hazırda bu proses davam edir. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrə qatılacaqlar.

Təhsil-press.az

Oxşar xəbərlər