Bakı Ali Neft Məktəbinin tələbələri “SOCAR Türkiyə”də işləyəcəklər

Bakı Ali Neft Məktəbinin tələbələri “SOCAR Türkiyə”də işləyəcəklər Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşün məqsədi BANM-in sonuncu kurs tələbələrini “SOCAR Turkey Enerji A.Ş.”nin məzun mühəndislik proqramına, aşağı kurs tələbələrini isə təcrübə inkişaf proqramına cəlb etmək olub.
Görüşdə BANM-in rektoru Elmar Qasımov diqqətə çatdırıb ki, ötən il ali məktəbin 30-dək məzunu “SOCAR Türkiyə”nin İzmir şəhərindəki “Star” neft emalı zavodunda işləmək üçün göndərilib. Bunun artıq ənənə halı aldığını deyən rektor növbəti illərdə də BANM-in tələbələrinin işləmək üçün bu zavoda göndəriləcəyinə ümidvar olduğunu bildirib.
SOCAR Türkiyə”nin insan resursları departamentinin rəhbəri Dinar Məmmədova təmsil etdiyi şirkətin ümumi fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. O, həmçinin məzun mühəndislik və təcrübə inkişaf proqramları haqqında məlumat verib. Qeyd edilib ki, tələbələr arasında seçim prosesi iki turda aparılacaq. Proqramlarda iştirak etmək istəyənlər birinci mərhələdə CV-lərini göndərməklə yanaşı, ümumi qabiliyyət, şəxsiyyətin müəyyənləşdirilməsi, ingilis dilinin mükəmməlliyi və texniki biliklərin ölçülməsi ilə bağlı test imtahanı verməlidirlər. Testlərdən uğurla keçən namizədlər ikinci turda individual müsahibəyə dəvət olunacaqlar.
Görüşdə “Star” neft emalı zavodunun işlətmə departamenti müdirinin müavini Elnur Məmmədli tələbələrə “SOCAR Türkiyə” şirkətlər qrupunun fəaliyyəti, nəzərdə tutulan layihələr haqqında geniş məlumat verib.
BANM-in ötənilki məzunları, “Star” neft emalı zavodunun mühəndisləri Amail Məmmədova və Adil Babayev tələbələrə öz təcrübələrindən danışıb və dəyərli məsləhətlər veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.

Kəmalə Rəhimli

Oxşar xəbərlər