Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət başçısı 2017-ci ilin Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olduğunu vurğulayıb: "Bu islahatlar bu il də davam etdirilir. Biz birinci rübdə əldə etdiyimiz göstəricilərlə fəxr edə bilərik. Bunlar doğrudan da Azərbaycanın uğurlu inkişafını əks etdirən göstəricilərdir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və islahatları davam etdirməliyik. Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin".
İlham Əliyev bildirib ki, bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir. Onlardan biri biznes mühitinin yaxşılaşdırılması məsələsidir: "Bu istiqamətdə son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirməliyik, xüsusilə bizi geriyə çəkən məsələlərdə daha da ciddi addımlar atmalıyıq və bunu edirik. “Doing Business” reytinqi dərin təhlil əsasında hazırlanır və bizim bu istiqamətdə əldə etdiyimiz uğurlar və nöqsanlar ciddi təhlil edilir.
Ona görə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaqdır. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir".
Prezident qeyd edib ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində son illər atılan addımlar böyük təqdirə layiqdir: "Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik. Ancaq onu da bilməliyik ki, Davos reytinqlərinə digər ölkələr də çox böyük diqqətlə yanaşırlar. Bildiyimə görə, bir çox ölkələr çalışırlar ki, öz vəziyyətlərini daha da yaxşılaşdırsınlar. Ona görə, bu gözəl rəqəm bizi ancaq növbəti addımların atılmasına sövq etməlidir".
İlham Əliyev deyib ki, Azərbaycan inkişafda olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir: "Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq. Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalıyıq.
Bu kompleks tədbirlər apardığımız siyasətin nəticəsidir. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir".

Tehsil-press.az

Oxşar xəbərlər