Biliklərdən bacarıqlara

Biliklərdən bacarıqlara Gənclərin peşə təhsilinə marağı artır
Qloballaşan dünyanın gətirdiyi yeni reallıqlardan biri və bəlkə də ən başlıcası əmək bazarının tələblərinə cavab verən yeni iş yerləri və onların hazırlıqlı, yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasıdır. Həyat göstərir ki, sürətlə dəyişən əmək münasibətləri sistemində duruş gətirə biləcək mütəxəssis hazırlığında ali təhsillə yanaşı, peşə təhsilinin də üzərinə mühüm missiya düşür. Bu cür situasiya isə kadr hazırlığında peşə təhsilinin rolu və əhəmiyyətini artırmaqdadır. Xidmət, istehsal və sənaye iş yerlərinin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına necə nail olmaq olar? Peşə təhsili bu sahədə nə kimi rol oynaya bilər? Bütün bu suallara aprelin 30-da “Hyatt Regency Baku” otelində “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda keçirilən konfransda cavab tapmaq olardı.
Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev “Azərbaycanda peşə təhsilində islahatlar: biliklərdən bacarıqlara” mövzusunda təqdimat edib.
Təqdimatda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş dövlət sənədlərində bu sahənin prioritet əhəmiyyət daşıdığı, bu sahəyə artan dövlət dəstəyi qeyd olunub. F.Mustafayev qeyd edib ki, Azərbaycanda təhsil sistemində və eləcə də onun tərkib hissəsi olaraq peşə təhsili sahəsində aparılan islahatlar artıq hamıya tanışdır. Onun sözlərinə görə, 2016-cı ildə ölkədə milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri müəyyənləşdi və onlardan biri də peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi oldu.
Peşə təhsilinə olan diqqətin ən bariz nümunəsi 2016-cı il aprelin 20-də ölkə rəhbərinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması oldu. Ötən 2 il ərzində bu sahədə xeyli iş görüldüyünü deyən Agentliyin direktoru qeyd edib ki, ilk növbədə, peşə təhsili sahəsində qanunvericilik bazasının yaradılması üzərində işlərə başlanıldı və ölkə tarixində ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun Milli Məclis tərəfindən qəbul olundu. Bu, dünya təcrübəsinə əsaslanan, o cümlədən ənənəvi peşə təhsili sistemini də yaddan çıxarmayan, ölkədə peşə təhsilini inkişaf etdirməyə imkan verən çox gözəl qanundur.
Rasionallaşdırma işlərinə başlanılacaq
F.Mustafayev qeyd edib ki, “Peşə təhsili haqqında” qanunun qüvvəyə minməsindən sonra peşə təhsil mərkəzlərinin şagirdləri də tələbə adlanacaqlar. “Bu, hesab edirəm ki, peşə təhsilinin imicinin artırılmasına böyük kömək edəcək. Peşə təhsilində çalışan insanların yaş həddi məhdudlaşmayacaq və orada 16-46 yaşında insanlar da təhsil ala biləcəklər. Bu baxımdan, burada hər bir təhsilalanın tələbə adlanması insanların bu sahəyə gəlməsində psixoloji maneələri də aradan qaldırmağa imkan verir”. Bundan başqa, bütün respublika üzrə rasionallaşdırma işlərinə başlanılacaq. Bu, bir neçə peşə təhsil müəssisəsinin birləşməsi və regionlarda lazım olan yerlərdə yenilərin yaradılması istiqamətində aparılacaq tədbirlər planıdır. “Biz demək olar ki, yeni kurikulum proqramlarını əmək bazarının tələblərinə cavab verən səviyyədə hazırlayırıq. Bu, peşə təhsilinin müasir tələblərə cavab verməsi üçün çox vacib şərtdir. Bütün dərsliklər Asiya və Avropanın bir sıra ölkələrinin qabaqcıl təcrübəsi nəzərə alınmaqla hazırlanıb”. Peşə təhsilinin məzmununun inkişafı üçün də işlər görülür. Burada ümumi kurikulum əsaslı tədris proqramları hazırlanır, təxminən 60 modulun hazırlanması üzərində iş gedir. Bu da peşə təhsilinin məzmununun demək olar ki, kökündən müasir əsaslar üzərində qurulmasıdır.
Uğurun yolu həm də peşə təhsilindən keçir
Agentlik direktoru bildirib ki, ölkənin iqtisadi qüdrətini qaldırmaq, ölkəyə valyuta idxalını artırmaq üçün peşə təhsilinin inkişafı danılmazdır. Bugünkü tədbirin də məqsədlərindən biri valideynlərə göstərməkdir ki, uğurun yolu təkcə ali təhsildən deyil, həm də peşə təhsilindən keçir. “Biz müəyyən etdik ki, əgər əvvəllər peşə təhsilinin bir səviyyəsi mövcud idisə, indi biz peşə təhsilinin 3 səviyyəsini - ilk peşə-ixtisas, texniki peşə təhsili və yüksək peşə təhsili müəyyənləşdirmişik”. Bu o deməkdir ki, bu gün peşə təhsilində oxuyan insanlara imkan yaranır ki, istədiyi halda peşə təhsilində bütün pillələrdə təhsil almaqla daha çox öz gələcəklərinin təminatçısı ola bilərlər. F.Mustafayevin sözlərinə görə, sadəcə biliklər insanlara həyatda yer tutmaq üçün kifayət etmir. Biliklər bacarıqlara, səriştələrə çevrilməlidir. Bacarıqları əldə etmək üçün isə peşə təhsili ən düzgün, ideal seçimdir. Biz dünyada mövcud olan bütün təcrübələri ölkəmizə gətirmək istəyirik. Bu təcrübələrdən yararlanmaqla hesab edirik ki, övladlarımız elə bacarıqlara sahib olmalıdırlar ki, nəinki Azərbaycanda, yaxın və uzaq ölkələrdə belə özlərinə iş tapıb həyatlarını qura bilsinlər. “Bizim əsas işimiz yeniliklər, innovasiyalar istiqamətində olmalıdır. Çünki ənənəvi ixtisaslarla yanaşı bütün dünyanı irəli aparan, iqtisadiyyatı dirçəldən yüksək texnoloji biliklərə sahib olmaq istiqamətində bütün qurumlar, eləcə də təhsil müəssisələrinin də rolu olmalıdır”.
Maarifləndirməyə güclü ehtiyac var
Konfransda “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, tədbirin əsas mahiyyəti peşə təhsilinin təbliğini aparmaqdır. Peşə təhsilinin dövlət strategiyasında yer alması, növbəti mərhələdə isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu məsələnin nə dərəcədə önəmli və diqqət mərkəzində olmasından xəbər verir. Peşə təhsilində maarifləndirməyə güclü ehtiyacın olduğunu deyən M.Vəliyeva qeyd edib ki, inkişaf etmiş bir sıra ölkələrdə ibtidai təhsilin sonunda ibtidai sinif müəllimi şagirdin gələcək istiqamətini müəyyənləşdirir. Belə ki, müəllimin şagirdin gələcəkdə hansısa universitetdə təhsil alması barədə bir rəyi olur. Bu rəy dəyişə də bilər, amma əksər hallarda öz təsdiqini tapır. Niyə məhz ibtidai təhsil pilləsində? Çünki məhz ibtidai sinif müəllimləri şagirdlərə müxtəlif fənləri tədris etməklə yanaşı onların bacarıq və qabiliyyətlərini, meyil və maraqlarını da öyrənirlər. Buna görə də məktəb rəhbərliyinin də bu məsələni diqqətdə saxlaması çox vacibdir.
Konfransda daha sonra peşəyönümü işinin aparılması strategiyası, peşəyönümü işinin təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı mövzularında təqdimatlar olub. İştirakçılar peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələri ilə tanış olublar.
Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Oruc MUSTAFAYEV


Oxşar xəbərlər