Mədəniyyətimizin hamisindən bəhs edən yeni kitab

Mədəniyyətimizin hamisindən bəhs edən yeni kitab Nəcib, nurlu və xeyirxah əməl sahibləri haqqında yazılan, rəflərimizi zənginləşdirməklə yanaşı, gündəlik həyatımızda bilgi mənbəyinə çevrilən hər bir kitab dəyərlidir və müasir cəmiyyətdə insan kapitalının mənəvi-əxlaqi baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir. Bu cür kitabla ünsiyyət oxucuya həm onun bəhs etdiyi işıqlı əməl sahibi ilə yaxından tanış olmaq, həyat və fəaliyyəti barədə dolğun məlumatlanmaq, həm də bu əməl sahibinin daşıyıcısı olduğu mənəvi dəyərlərin mahiyyətini, onların qorunub saxlanmasının və bütün rəngarəngliyi ilə gələcək nəslə ötürülməsinin vacibliyini dərindən dərk etmək imkanı verir, mənsub olduğu xalqın milli mənəvi irsinə, mental əxlaqi dəyərlərinə, genetik yaddaşı və tarixi kimliyi ilə müəyyənləşən özünəməxsusluğuna hörmətlə yanaşmaq bacarığını aşılayır. Yaxın günlərdə “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” kitabı məhz belə nəşrlərdəndir.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” kitabı barədə fikirlərini bölüşərkən deyib.
“Bir vaxtlar ali təhsilin magistratura pilləsində ən fəal və yaradıcı, elmi araşdırmalara xüsusi marağı ilə fərqlənən tələbələrimdən biri olmuş, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçi vəzifəsində çalışan Əzizə Ələkbərovanın tərtib etdiyi, institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovun elmi redaktorluğu ilə yüksək poliqrafik üslubda nəşr olunmuş kitab ölkəmizin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın qədim və zəngin mədəniyyətinin etibarlı və ləyaqətli hamisi kimi misilsiz və çoxşaxəli fəaliyyətindən bəhs edir”, - deyə O.Səmədov bildirib.
Nəşrin Azərbaycan və fransız dillərində ərsəyə gəldiyini diqqətə çatdıran O.Səmədov deyib: “Kitab yerli və fransızdilli xarici oxucuları dərin intellekt və yüksək bacarığını xalqımızın zəngin mədəniyyətinin qorunması və təbliğinə səfərbər edən, ölkənin təhsil və səhiyyə sisteminin inkişafı, mədəniyyəti və incəsənətinin tərəqqisi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi istiqamətində əzmkarlıqla çalışan, xeyirxahlığı, qayğıkeşliyi və insanpərvərliyi ilə hər birimizə örnək olan Mehriban Əliyevanın mənsub olduğu xalqın mədəni irsinə münasibəti və Ulu Öndərin banisi olduğu azərbaycançılıq məfkurəsindən qaynaqlanan bu münasibəti tam dolğunluğu ilə əks etdirən fəaliyyəti, tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində gördüyü işlər, xalq musiqisini yaşadan və təbliğ etdirən möhtəşəm musiqi layihələri, xalq sənətinə yeni nəfəs verən incəsənət festivalları və sərgiləri, xarici ölkələrdə onun təşəbbüsü və şəxsi iştirakı ilə keçirilmiş mədəni tədbirlər, Azərbaycan mədəniyyətinin dünya ölkələrində tanıdılması və təbliği, eləcə də xarici ölkələrdəki tarixi və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyəti barədə dolğun məlumat verir”.
O.Səmədov vurğulayıb ki, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənərək, Azərbaycan xalqının maraqlarını hər zaman usanmadan dəstəkləməsi, ölkəmizin zəngin mədəni irsinin dünya ictimaiyyəti arasında tanıdılmasında və təbliğində əvəzsiz rolu, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bütün bunlar Birinci vitse-prezidentin hərtərəfli fəaliyyətinin parlaq göstəricisidir. Mədəni irsin qorunması sahəsində möhtəşəm layihələri ilə təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın fəaliyyətinə işıq salan kitabı səhifələdikcə, dahi şəxsiyyətin adını şərəflə daşıyan və yüksək amallara xidmət edən Fondun təkcə Azərbaycan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələrin salnaməsi ilə tanış olmaq, ölkəmizin mədəni tərəqqisinə yönəlmiş əzəmətli işlər barədə zəngin məlumat əldə etmək mümkündür. Yüksək zövqlə tərtib edilmiş, hər səhifəsi maraqla oxunan bu kitab oxucunu həm Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində çoxşaxəli və dərin məzmunlu fəaliyyəti barədə məlumatlandırır, həm də mədəni irsimizlə bağlı bilgilər verməklə maarifləndirir. Xüsusən, gənclərin Vətənə sevgi, xalqına hörmət, dövlətə sadiqlik ruhunda tərbiyə olunmasına, onlara xeyirxahlıq və qayğıkeşlik kimi yüksək əxlaqi keyfiyyətlərin aşılanmasına, milli mənəvi dəyərlərə və mədəni irsimizə düzgün münasibətin formalaşdırılmasına yönəlmiş maarifçilik fəaliyyətində bu kitabın əhəmiyyəti danılmazdır.
“Xalqımızın əsrarəngiz mədəniyyətinin ölkə hüdudlarından kənarda geniş təbliğ olunması, ümumilikdə isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əzmkarlıqla, yorulmadan çalışan Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər birimizdə qürur hissi doğuran şərəfli fəaliyyəti ilə bağlı bilgiləri ən geniş yayılmış dillərin birində xarici ölkə oxucularına təqdim edən yeni nəşrin böyük oxucu kütləsinin qəlbinə yol tapacağı şübhəsizdir. Şəxsiyyətə ehtiram, mədəniyyətə qayğı, kitaba isə sevgi yaradan bu nəfis nəşrlə ünsiyyət qurmağa tələsək”, - deyə O.Səmədov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər