ADPU-da maarifləndirici tədbir keçirilib

ADPU-da maarifləndirici tədbir keçirilib İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) işəgötürənlərin iştirakı ilə “Pərakəndə ticarət iqtisadi fəaliyyət sahəsi üzrə qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması, istirahət vaxtı, işçilərin məzuniyyət hüquqları və məzuniyyət hüquqlarının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev bildirib ki, belə aktual mövzuda maarifləndirici tədbirin ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi ilə seçilən, böyük professor-müəllim və tədris-köməkçi heyətə malik olan ADPU-da keçirilməsi təqdirəlayiqdir. Ümid Mehdiyev universitetin kollektivi adından bu maarifləndirici tədbirin keçirilməsinə görə Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsul şəxslərinə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılması daimi xarakter alıb, əhalinin məşğulluq səviyyəsi artıb, əmək bazarında sabitlik və inkişaf sürətlənib, azad sahibkarlıq inkişaf edib, əlverişli biznes və investisiya mühiti formalaşıb. Bu baxımdan, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi vacib əhəmiyyət kəsb edir. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşması olduqca vacibdir. Bütövlükdə əmək bazarı iştirakçılarının qanuni hüquq və mənafelərinin qorunması, əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsi ölkəmizin sosial-iqtisadi inkişafına öz dəyərli töhfələrini verər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Anar Quliyev çıxış edərək tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Tədbirdə 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Məzahir Cəmşidov “Qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması” mövzusunda çıxış edib. M.Cəmşidov qeyd edib ki, qeyri-rəsmi məşğulluqla mübarizə inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə əsas hədəflərdəndir. Qeyri-rəsmi əmək bazarı bütün dünya ölkələrində mövcuddur. Ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sosial-iqtisadi siyasətin tərkib hissəsidir. Qeyri-rəsmi məşğulluqla mübarizənin gücləndirilməsində əmək, mülki, vergi və inzibati qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə sanksiyalarının və cərimələrin sərtləşdirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai təşkilatıarın və sosial tərəfdaşların fəaliyyətinin gücləndirilməsi, əmək bazarına nəzarət üzrə məlumat-informasiya ehtiyatının formalaşdırılması olduqca vacibdir.
“Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları” mövzusunda çıxış edən 4 saylı region üzrə DƏM-in baş əmək müfəttişi Müşfiq Məmmədov bu barədə ətraflı məlumat verib. M.Məmmədov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Məzuniyyət hüququ ilə bağlı müddəalar ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir. Məzuniyyətin verilməsi barədə əmr məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da maarifləndirici tədbir keçirilib

Oxşar xəbərlər