Qadınların əmək hüquqları ilə bağlı seminar keçirilib

Qadınların əmək hüquqları ilə bağlı seminar keçirilib Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdir. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, bu fikir Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Yevlax rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda təşkil edilən seminarda vurğulanıb. Xidmətin 8 saylı region (Yevlax, Goranboy, Mingəçevir, Naftalan) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbir müvafiq mövzuda maarifləndirmə məqsədi daşıyıb.
Seminarda qeyd olunub ki, Azərbaycan ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edib. Onların sırasında Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” Konvensiyaları da vardır. Milli əmək qanunvericiliyində də həmin sənədlərdən irəli gələn, qadınların digər sahələrdə olduğu kimi əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olduğunu nəzərdə tutan prinsiplər əksini tapıb. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununda da əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi işəgötürənin vəzifələri sırasında qeyd olunur.
Əmək Məcəlləsi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, cinsinə görə də işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qadın işçilərin əmək hüquqları, bu hüquqların həyata keçirilməsi sahəsində təminatlar barədə ətraflı məlumatlar veriblər. Həmçinin hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlarla bağlı əmək qanunvericiliyindən irəli gələn prinsiplər diqqətə çatdırılıb.
İştirakçılar tərəfindən qadınların əmək hüquqlarına dair verilən suallar da cavablandırılıb, onlara aidiyyəti mövzuda maarifləndirici bukletlər paylanıb.

Tehsil-press.az

Oxşar xəbərlər