Azərbaycan Tibb Universiteti beynəlxalq “Eduroam” şəbəkəsinə qoşulub

Azərbaycan Tibb Universiteti beynəlxalq “Eduroam” şəbəkəsinə qoşulub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Ali təhsil müəssisələri arasında ilk dəfə Azərbaycan Tibb Universitetinin (ATU) şəbəkə infrastrukturunun “AzScienceNet” vasitəsilə beynəlxalq “Eduroam” xidmətinə qoşulması təmin olunub. Bunun nəticəsində universitetin əməkdaşlarına Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) “Eduroam” xidmətindən istifadə imkanı yaradılıb. Hazırda ATU-nun professor-müəllim heyəti və tələbələr Avropanın müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyətləri zamanı bu xidmətdən istifadə edirlər.
Qeyd edək ki, “Eduroam” alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər