Tokio Tibb Universitetində qalmaqal

Tokio Tibb Universitetində qalmaqal Ali məktəbdə yoxlamalar başlayıb
Yaponiya hökuməti təcili surətdə Tokio Tibb Universitetində yaranmış qalmaqal fonunda ölkənin bütün tibb ali məktəblərində yoxlamalar keçirməyə hazırlaşır. Məlum olub ki, adıçəkilən universitetdə uzun illər ərzində qəbul imtahanlarında qız abituriyentlərin topladıqları ballar məqsədli şəkildə azaldılıb. Bu haqda Yaponiyanın “Kyodo” agentliyi xəbər yayıb. Qeyd edilir ki, ölkənin təhsil, mədəniyyət idman, elm və texnologiyalar naziri Yosimasa Xayasi müvafiq bəyanatla çıxış edib. Əvvəlcə yaponiyalı nazir universitetdə yaranmış vəziyyəti kəskin tənqid edərək bu cür halı tamamilə qəbuledilməz adlandırıb.
Daha əvvəl isə tibb universitetinin rəhbərliyi öz abituriyentlərinin qiymətlərini saxtalaşdırdığına görə açıq şəkildə üzr istəyib. Müstəqil vəkillər qrupu tərəfindən keçirilmiş yoxlamalar zamanı məlum olub ki, balların azaldılması 2006-cı ildən başlayıb. Universitet rəhbərliyi bəzən oğlan abituriyentlərin cavab testlərinə müdaxilə edərək onların topladığı balları şişirdib. Təhsil müəssisəsindən bildiriblər ki, belə bir vəziyyət bundan sonra təkrarlanmayacaq. Bundan başqa, əlavə edilib ki, imtahan nəticələrinin saxtalaşdırılması qurbanına çevrilmiş şəxslərin ali məktəbə qəbulu məsələsinə baxılacaq.
Araşdırma göstərib ki, cari qəbul imtahanlarında təhsil müəssisəsi test yoxlamanın birinci mərhələsində bütün abituriyentlərin ballarını 20 faiz azaldıb, sonra isə kişi cinsindən olan abituriyentlərin ballarına ən azı 20 bal əlavə edib.
Vəkillər qrupu həmçinin iddia edir ki, tibb universitetinin keçmiş sədri 77 yaşlı Masaxiko Usui və keçmiş rektor 69 yaşlı Mamoru Sudzuki bəzi valideynlərdən övladlarının universitetə daxil olmasına köməklik göstərməklə pul alıb. Onların hər ikisi artıq istefa verib, lakin hazırda onlara qarşı cinayət işi qaldırılıb.

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər