Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb

Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb Paytaxtın ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Bu qurumun təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.
Görüşdə təhsil nazirinin müavini, BŞTİ müdirinin vəzifələrini icra edən Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə çıxış edən M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində ümumtəhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərindən danışıb.
Nazir müavini bildirib ki, ötən tədris ilində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin fəaliyyətində inkişafyönlü tədbirlər də daim diqqət mərkəzində saxlanılıb. 2018-2019-cu tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan nazir müavini məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası, məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlərə aydınlıq gətirilib.

Tehsil-press.az

Oxşar xəbərlər