ADPU-da “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı keçirilir

ADPU-da “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı keçirilir Dekabrın 20-də Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ukrayna Təhsil Menecerləri Universiteti və Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə keçirdiyi “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı öz işinə başlayıb. Məlumat üçün bildirək ki, bu beynəlxalq elmi konfransın yüksək səviyyədə keçirilməsi üçün ADPU-nun rektoru, professor Cəfər Cəfərov müvafiq əmr imzalayıb və həmin əmrə əsasən universitetdə 12 nəfərdən ibarət Lokal Təşkilat Komitəsi yaradılıb. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Təhsil İnstitutunun, Rusiyanın, Ukraynanın, İsveçin ali təhsil müəssisələrinin və elmi-tədqiqat mərkəzlərinin alim-mütəxəssisləri iştirak edirlər. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın plenar iclasını giriş sözü ilə açan rektor Cəfər Cəfərov konfrans iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb. Rektor bildirib ki, ADPU təhsilin inkişafı üçün elmi-tədqiqatların aparılmasına, müxtəlif ciddi və yüksək səviyyəli elmi tədbirlərin, o cümlədən beynəlxalq elmi konfransların, simpoziumların keçirilməsinə xüsusi önəm verir. Çünki belə elmi konfranslar fəaliyyətimizə kömək edir, bizi qarşımıza qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Konfransdan çıxarılan elmi nəticələrin əməli fəaliyyətə tətbiq edilməsi olduqca vacibdir.
Çıxışında müəllim hazırlığının yeni trendləri barədə danışan rektor qeyd edib ki, Azərbaycan müəllimlərinin XV qurultayı müəllim hazırlığı sahəsində qarşımıza mühüm vəzifələr qoyub. Təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə ölkəmizin milli təhlükəsizliyi məsələsidir. 2021-ci ildə 100 illik yubileyini qeyd edəcək Pedaqoji Universitet “ADPU-2021 Strateji İnkişaf Planı”nda öz missiyasını pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq kimi ifadə edib. ADPU təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməli, tədqiqat universiteti statusunu qazanmalıdır. Elm və təhsilin sürətlə inkişaf etdiyi XXI əsrdə bu çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işləri şəxsi nəzarətində saxlaması təhsil ictimaiyyətinə geniş imkanlar yaradır. Məhz bu diqqət və qayğının nəticəsində son 5 ildə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi şəkildə müsbət dəyişiklər yaşanır. 2016-2017-ci tədris ilində 500-dən yüksək bal toplayıb müəllimlik peşəsini 1-ci yerdə seçən abituriyentlərin sayı 25 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində müəllimlik peşəsini seçənlərin sayı ölkə üzrə 2090 nəfər, ADPU üzrə isə 566 nəfər nəfər olmuşdur. Bu, Pedaqoji Universitetin timsalında nəticənin 22 dəfə yaxşılaşması deməkdir. Bu gün ölkəmizdə təhsil sahəsində islahatlar geniş miqyasda və sürətlə həyata keçirilir. Ali təhsil sistemi yeni inkişaf mərhələsindədir. Müasir dövrümüzün tələblərinə görə, ali təhsil də xidmət sahəsi hesab edilir. Bizim Pedaqoji Universitet olaraq əsas vəzifəmiz müasir müəllim şəxsiyyətini formalaşdırmaq, cəmiyyətdə müəllim peşəsinə olan inamın və etibarın yüksəldilməsi üçün yeni dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimlər yetişdirməkdir.
İclasda çıxış edən Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov vurğulayıb ki, dünyanın tanınmış və nüfuzlu universitetləri qabaqcıl elmi texnologiyaların araşdırılmasına, beynəlxalq elmi tutumlu layihələrdə iştirak etməyə böyük diqqət yetirirlər. İnnovasiyaların təhsil prosesinə tətbiqi zamanın tələbidir. ADPU elmi layihələrdə fəal iştirak etmək üçün səmərəli fəaliyyət göstərir. 2018-ci ildə universitetimiz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini qazanıb. Bu il ADPU 25-dən çox respublika və beynəlxalq səviyyəli konfrans keçirib. Professor A.Zamanov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
İclasda konfransın Lokal Təşkilat Komitəsinə ünvanlanmış təbriklər dinlənilib.
İclasda Moskva Pedaqoji Dövlət Universitetinin kafedra müdiri, professor Lüdmila Podımova “Müasir təhsilin psixoloji xüsusiyyətləri: koqnitiv və şəxsiyyətyönümlü kontekstlər” mövzusunda, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov “Pedaqoji sistemlərin təkmilləşdirilməsində innovasiyaların rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonra konfrans öz işini 5 bölmədə- Təhsilin idarə edilməsi: reallıqlar və perspektivlər, İnnovasiyalar və ənənələr: təhsilin keyfiyyəti, Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin metodologiyası və texnologiyası, Təhsilin keyfiyyətinin modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi aspektləri, Tədrisin müasir problemləri bölmələrində davam etdirib.
Bölmə iclaslarında ümumilikdə 200-dək məruzə dinləniləcək və müzakirələr aparılacaq.
Qeyd edək ki, 2 gün davam edəcək beynəlxalq elmi konfransın dekabrın 21-də keçiriləcək yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, ümumi müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək və müvafiq qərarlar qəbul ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı keçirilirADPU-da “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı keçirilir

Oxşar xəbərlər