Azərbaycanlı alimin “Dairəyə alınmış cənnət” kitabı gürcü oxucularına təqdim edilib

Azərbaycanlı alimin “Dairəyə alınmış cənnət” kitabı gürcü oxucularına təqdim edilib Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun sabiq direktoru və Gürcüstanın Helati Akademiyasının akademiki, professor Rövşən Mustafayevin gürcü dilinə tərcümə edilmiş “Dairəyə alınmış cənnət” kitabının təqdimatı olub.
Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva yüzdən artıq məqalə, kitab və elmi nəşrin müəllifi olan Rövşən Mustafayevin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün gürcü oxucularına təqdim olunan kitab Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərə böyük töhfədir.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov R.Mustafayevin hüquq və insan haqlarının müdafiəsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib, onun gürcü dilinə tərcümə olunan kitabının əhəmiyyətini qeyd edib.
Tədbirdə Suxumi Dövlət Universitetinin rektoru Zurab Xomelidze, Abxaziya mühacir hökumətinin Gürcüstandakı rəhbəri Vaxtanq Kobalia, mədəniyyət və incəsənət sahəsində ekspert Georgi Qeqeçkori, kitabın tərcüməçisi, “Suxumi universiteti” qəzetinin redaktoru Robert Mesxi, tarix elmləri doktoru Quram Marxulia, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini Lalə Əhmədova və başqaları ölkələrimiz arasındakı mədəni, humanitar və elmi yaradıcılıq əlaqələrinin inkişafından danışıb, R.Mustafayev haqqında xatirələrini bölüşüblər.
Çıxışlarda “Dairəyə alınmış cənnət” kitabındakı hekayələr əsasında yeni tamaşaların hazırlanmasının vacibliyi vurğulanıb. Bildirilib ki, alimin daha bir neçə kitabı gürcü dilində nəşr olunacaq.
Təqdimat mərasimində Azərbaycanın və Gürcüstanın elm adamları, mədəniyyət və incəsənət sahəsinin tanınmış nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 2009-cu ildə Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində R.Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabı oxuculara təqdim olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər