Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistannın Azərbaycandakı yeni səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.
Diplomatı yeni təyinatı ilə bağlı təbrik edən nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.
General-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanda hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırılıdığını qeyd edib.
Səfir də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və ölkəsi Azərbaycanın haqq işində daim onun yanındadır.
Səfir ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər