“HORIZON 2020” Azərbaycanda

“HORIZON 2020” Azərbaycanda Qrant proqramı Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyətə başlayıb
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun 2018-ci ildə təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant proqramı "HORİZON-2020"-nin qalib layihələrindən biri olub. Layihə çərçivəsində 11 ölkədən olan astronomların 4 il müddətində (2019-2022) elmi əməkdaşlığı nəzərdə tutulur.
Bu müddət ərzində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq, eləcə də həmin ölkələrdən olan əməkdaşların Şamaxı Astrofizika Rəsədxanasında elmi tədqiqatlara cəlb olunması nəzərdə tutulur.
2019-cu il yanvarın 6-da bu layihə çərçivəsində Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva ŞAR-a elmi ezamiyyətə gəlib.
Bir ay davam edən ezamiyyətin məqsədi “HORIZON 2020” qrant layihəsinə cəlb olunan əməkdaşlarımızla tanış olmaq, bizimlə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etmək, birgə tədqiqat üsullarını müzakirə etməkdir.
Ezamiyyət zamanı Olqa Mareva ŞAR-ın 2 metrlik teleskopunda aparılan spektral müşahidələrdə iştirak edib. Qonaq bir daha şahid olub ki, ŞAR-da aparılan spektral müşahidələr hazırda qabaqcıl dünya rəsədxanalarında aparılan müasir müşahidə standartlarına tam uyğundur və bu müşahidələrlə inamlı elmi nəticələr almaq mümkündür.
Qeyd edək ki, “HORIZON 2020” qrant layihəsi çərçivəsində rəsədxananın elmi işçiləri Aynur Abdulkərimovanın aprel-may, Günay Hacıyavanın iyun ayında Estoniyanın Tartu Rəsədxanasına, Aynur Abdulkərimovanın oktyabr-dekabr aylarında Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasına və Canməmməd Rüstəmovun Estoniyanın Tartu Rəsədxanasına oktyabr-dekabr aylarında elmi ezamiyyəti nəzərdə tutulub.
Yanvarın 21-də Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşları ilə “skipe” vasitəsilə video-kofrans keçirilib, fikir mübadiləsi aparılıb.
Sözügedən layihə çərçivəsində fevralın 6-da Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva Şamaxı Astrofizika Rəsədxanasının elmi seminarında “Volf-Raye ulduzları massiv ulduzların təkamülünün son mərhələsi kimi” adlı məruzə edib. Olqa Mareva məruzəsində Volf-Raye ulduzlarının tədqiqinin müasir vəziyyəti və ŞAR-da bu ulduzlarla əlaqədar alınan elmi nəticələr barədə məlumat verib.
Sonda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər