BDU-nun tələbələri beynəlxalq məhkəmə müsabiqəsində iştirak edəcəklər

BDU-nun tələbələri beynəlxalq məhkəmə müsabiqəsində iştirak edəcəklər Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin bir qrup tələbəsi Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak etmək hüququ qazanıb.
BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov həmin tələbələrlə görüşüb.
F.Qurbanov dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən olan və hər il Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirakın əhəmiyyətini vurğulayaraq tələbələri təbrik edib. O bildirib ki, məqsədi tələbələrdə vəkillik, hüquqi yazı və araşdırma qabiliyyəti, akademik danışıq üslubu və bu kimi digər mühüm keyfiyyətləri inkişaf etdirmək olan bu müsabiqədə iştirak həm də ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməyə imkan yaradacaq.
Tələbələr “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində fəal olacaqlarını, ölkəmizi və doğma universitetlərini layiqincə təmsil edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, “Philip C. Jessup” Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır. Amerikalı hüquqşünas, diplomat Philip C. Jessupın adını daşıyan müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib və 1968-ci ildən ətrafına dünya ölkələrinin komandalarını toplaya bilib.
Müsabiqədə hazırda 100-dək ölkə 3 minə yaxın tələbə ilə təmsil olunur.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər