150 il yaşamağa imkan verəcək texnologiyalar

150 il yaşamağa imkan verəcək texnologiyalar Ömür uzandıqca, suallar və problemlər çoxalacaq
“Microsoft” şirkətinin sahibi, dövrümüzün ən ağıllı və varlı adamlarından biri Bill Geyts hər ilin sonunda oxuduğu ən maraqlı kitabların siyahısını bölüşür. Geytsin fikrincə, Kris Skinnerin “Rəqəmsal insan” əsəri 2018-ci ildə işıq üzü görmüş ən maraqlı kitablardan biridir. Skinner bank işi və rəqəmsal texnologiyalar mütəxəssisidir. Ancaq bu kitabında insanın ibtidai icma quruluşundan günümüzədək keçdiyi yoldan tutmuş gələcəyimizə dair bir sıra futuroloji fikirlərlə çıxış edir. “Rəqəmsal insan”ın bir hissəsi gələcəkdə elmdə və həyatda rastlaşacağımız bir sıra trendlərə həsr olunub.
Daimiliyin ardınca
Skinner hesab edir ki, insan elm hesabına ömrünü bir neçə onillik uzatmağa müvəffəq olacaq. O, istisna etmir ki, 150 il ömür sürəcək insan oğlu artıq həyatdadır.
Elmi fantastikanın hansı istiqamətlərinin elmi faktlara çevriləcəyini bizə ən aydın şəkildə kino göstərir. 1970-ci illərin çox populyar serialı olan “6 milyon dollarlıq insan” bu sözlərlə başlayır: “Stiv Ostin. Astronavt. Güclə həyatdadır. Ancaq cənablar, biz onu bərpa edə bilərik! Bunun üçün texnologiyamız var. Biz dünyada ilk bionik insanı yaratmaq iqtidarındayıq. Stiv Ostin yaşayacaq və əvvəlkindən daha güclü və sürətli olacaq”. ABŞ hökuməti o vaxtın pulu ilə Ostinə 6 milyon dollar yatırır, indinin məzənnəsi ilə bu, 33 milyon dollar edir. Məqsəd Ostinin itirdiyi orqanları bionik protezlərlə əvəzləmək idi. Bu filmi bionik insan tarixi ilə bağlı ilk ekran əsəri hesab edirlər. Bu gün həmin o fantastik əməliyyatlar adi hal alıb. İnsanın orqanlarının yenisi ilə əvəzlənməsi, 3D-printerdə “çap”ı artıq fantastika mövzusu deyil.
Ötən əsrin 60-cı illərində daha bir populyar film olub - “Fantastik səyahət”. Baş qəhrəman avtomobil qəzasına düşür, güclə sağ qalır. Həkimlər onun həyatını xilas etmək üçün inqilabi qərar qəbul edirlər. Cərrahlar mikroskopik həddə kiçilib insanın bədəninə daxil olurlar ki, “işlərini orada daha rahat görə bilsinlər”. Bu gün həkimi kiçiltmək mümkün deyil, ancaq insan bədəninə nanotexnologiya - kiçik HD-kameranı daxil edib orqanizmdə nələrin baş verdiyini müəyyən etmək olur.
Biz nəinki çox yaşayacağıq, hətta iki dəfə həyata gələ biləcəyik. Həkimlər 23 həftəlik uşağı çıxarıb, onurğasında əməliyyat edib, yenidən ana bətninə qaytarıblar. Üstündən 3 ay sonra tam sağlam uşaq dünyaya gəlib. Hesablamalara görə, bir müddət sonra valideynlər övladlarının doğum tarixi, günü və hətta saatını da əvvəlcədən sifariş edə biləcəklər.
Alimlər xeyli müddətdir ki, süni bətnin yaradılması üzərində işləyirlər. Təsəvvür etmək çox çətindir, ancaq bunun baş verəcəyini ilk dəfə 1924-cü ildə ingilis bioloq Con Holdeyn xəbərdar edibmiş. Holdeyn bir əsr əvvəl yazırdı ki, 2074-cü ildə (150 il sonra) uşaqların 70%-i süni bətndə dünyaya gələcək.
Sintetik insan
Bir əsr əvvəl pensiyaya çıxma yaşı 65 idi. İnsanların əksər qismi 50 yaşadək yaşamırdılar. İndi isə dünyada pensiya yaşının 80-ə qaldırılması təklifi ətrafında qızğın mübahisələr gedir. Çünki az sonra insanların 100 yaşadək yaşayacaqları öncəgörülür. Bir sıra alimlər əmindirlər ki, 150 il yaşayacaq insanlar artıq doğulublar. Belə olarsa, pensiyaya çıxan insan 150 yaşınadək nə ilə məşğul olacaq?
Ömrü uzanacaq insan həyatının son 20-30 ilini yeni orqanlar və bədən hissələri ilə yaşayacaq. Robot texnikası və 4D-printerdə “çap” olunacaq bioloji toxumalar buna imkan verəcək. Daha bir alternativ variant insan bədəninə yeridilmiş nanorobotlar olacaq. Onların vasitəsilə xərçəngə yoluxmuş, yaxud demensiyaya uğramış toxumalar genetik cəhətdən modifikasiyaya uğrayacaqlar.
İndi doğulmuş və 150 il yaşayacaqları proqnozlaşdırılan körpələrin aktiv əmək fəaliyyətinə təqribən 2035-ci ildə başlayacaqları gözlənilir. Həmin vaxt dünyada 7 milyard və ya bir az çox insan olacaq. Ancaq millətlər qocalacaq. Pensiyaçıların böyük qismi işləməyəcək. Mülklərə sahib olacaqlar, dövlət onları vergilərdən azad edəcək.
Əsas yük isə yaşlılara dəstək verməli olan gənclərin üzərinə düşəcək. Yeni nəsil üçün yaşayış əldə etmək çox çətin olacaq, istisna deyil ki, kredit, ipoteka, yatırım kimi məsələlərə baxış 180 dərəcə dəyişikliyə uğrayacaq.
Bu problem göstərir ki, insan həyatının bütün sferaları, hətta ömrün uzunluğu belə texnologiyalardan necə asılıdır. Hələlik ehtimal olunur, ancaq güman ki, reallığa çevriləcək: sintetik insan. Çox fantastik proqnozlara görə, sintetik insanlar xidmətçi personal, yaxud “qara fəhlə” statusunda olacaq, ən ağır işləri onlar görəcəklər. O işləri ki, digər insanlar görmək istəməyəcək. Bir çox alimlər və futuroloqlar ehtimal edirlər ki, bir sıra ciddi xəstəliklərin əlacı artıq tapılmaq üzrədir və bu reallıq 150 il yaşayacaq insan ideyasını daha inandırıcı edir. K.Skinner insana 150 il yaşamağa imkan verəcək texnologiyaların top-siyahısını təqdim edir:
- Genetik redaktə. Embrionun DNK-sı bu yolla “redaktə” ediləcək, zədəli genlər “təmir olunacaq”, ölümcül xəstəliklər gen səviyyəsində neytrallaşdırılacaq;
- Oynaqların 3D-printerdə “çap”ı. 40 saata başa gələcək oynaqlar hazırkı yüksək keyfiyyətli protezlərdən qat-qat ucuz olacaq.
- İnsan orqanlarının çapı. İndiyədək 3D-printerə protezlərin istehsalı müstəvisindən baxırdıq. Az sonra isə bu yolla toxumaların da bərpası mümkün olacaq. Tədqiqatçılar gözləyirlər ki, bu mümkün olarsa, gələcəkdə orqanların transplantasiyasına ehtiyac qalmayacaq. Başqa sözlə, protezləşmə əvəzinə misal üçün, yeni əl yaratmaq mümkün olacaq.
- Bədən hissələrinin yetişdirilməsi. Alimlər xeyli müddətdir bədən hissələrinin ərsəyə gəlməsini təmin edəcək texnologiyaların mükəmməlləşməsi ilə məşğuldurlar. 2015-ci ildə bu istiqamətdə inqilabi hadisə baş verib: sıçovulun sağ çiynini, bu hissənin qan-damar sistemini, hətta əzələni də gönü ilə birlikdə əmələ gətirmək mümkün olub. Ehtimal olunur ki, bu yolla gələcəkdə əl, ayaq və digər bədən hissələrini də ərsəyə gətirmək olacaq.
- Orqanizmlərin daxildən diaqnostikası. Yuxarıda insan bədəninə yeridilən nanotexnologiyalardan söhbət açdıq. Bu istiqamətdə daha bir kəşf “udulan kompüterlər” silsiləsindən olan xırda çiplərdir. Onlar çox kiçik olsalar da, içlərində termometr, mikrofon və akkumulyator var. Məsələn, “Proteus Discover” insan bədənində qəbul edilən dərmanlara nəzarət edir, “Philips”in istehsalı olan “VitalSense” isə bədənin və ayrı-ayrı orqanların hərarətinə cavabdehdir.
- Həyatın uzadılması. İnsanları diriltmək ideyası mümkünsüz görünsə də, “Humai” startapı məhz bu işlə məşğuldur. Süni intellekt və nanotexnologiyaların köməyi ilə insanın davranışından tutmuş düşüncələrinədək bütün informasiya toplanır və robota yerləşdirilir. Beləliklə də beyin bioloji bədən öləndən sonra robotlaşmış bədəndə fəaliyyətini davam etdirir.
70 yeni 30-dur
Skinner bank mütəxəssisi olduğundan, insan ömrünün uzanmasının maliyyə və idarəetmə tərəflərindən də yan keçə bilməz. İnsan 150 il yaşayacaqsa, pensiya sistemi necə olacaq? İnsan pensiyaya çıxanadək neçə iş yeri dəyişəcək və söhbət hansı işdən, peşədən gedir? Axı süni intellekt onsuz da işimizi, peşəmizi əlimizdən alır!
Suallar çoxdur. Onlardan bir neçəsinə diqqət yetirək:
- Müasir insan 80 il yaşayır, pensiya çıxma yaşı isə 65-dir. Dövlətlərin iqtisadiyyatları onsuz da yük altındadır. İnsan ömrü 150-yə, pensiya yaşı 80, yaxud 110-a qalxsa, xərcləri kim ödəyəcək?
- Hazırda insanlar artıq 30 yaşında maliyyə resurslarının idarə olunması üçün banklarını seçirlər. Bəs, insan karyerasının üçüncü, ya dördüncü mərhələsinə 70 yaşında qədəm qoyacaqsa, bankın bu prosesdə iştirakı necə olacaq?
- Banklar insanlara güzəştli təkliflər verə biləcəklərmi? Axı insan o qədər yaşayacaq ki, bankdan uduşlu vəziyyətdə olacaq.
- Əgər söhbət onilliklərdən deyil, əsrdən gedirsə, mülkiyyətin etibarnamə əsasında idarəedilməsi prosesi necə tənzimlənəcək?
Daha böyük problemlə hökumətlər qarşılaşacaqlar. Tutaq ki, insan 150 il yaşayası oldu. Dünya əhalisinin sayı barədə nə demək olar? Əhali onsuz da 30 ildən bir ikiqat artır. Buraya Bill və Melinda Geytslərin yoxsulluqla (onların fondlarının əsas missiyası budur) və Mark Çukerberqin xəstəliklərlə mübarizələrini də əlavə etsək, necə olacaq?
Belə bir ehtimal var ki, tezliklə qlobal transformasiya nəticəsində pul qazanmağa meyilli olmayacaq cəmiyyət yaranacaq. “Startrek” serialında “Enterprayz” gəmisinin kapitanı Jan-Lyuk Pikar deyir:
Var-dövlətin toplanması istəyi cəmiyyətin aparıcı qüvvəsi olmayacaq.
Biz insanlar naminə, özünütəkmilləşdirmə naminə yaşayacağıq”. İlon Mask ümid edir ki, insan planetlərarası məxluqa çevriləcək və Yer kürəsinin bir qismi həyat üçün yararlı hansısa başqa planetə köçəcək. Marsın ciddi öyrənilməsi hazırda məhz bununla bağlıdır. Fantast Frints Lanq hələ 1927-ci ildə çəkdiyi “Metropolis” filmində proqnoz edirdi ki, dünya əhalisinin 99%-i yoxsul olub gecəqondularda yaşayacaq, 1%-i isə “üzən şəhərlər”də. Bəziləri güman edir ki, sosium “qlobal vətəndaşlar”dan ibarət olacaq. Banklar, pullar və hökumətlər keçmişdə qalacaq. Cəmiyyət özünütənzimləyən struktur tərəfindən idarə ediləcək və dövlət nəzarətinə ehtiyac duymayacaq. Bunlardan hansı həqiqət olacaq? Bu suala ən yaxşı cavabı güman ki, artıq həyatda olan 150 il yaşayacaq insanlar verə biləcək.

Rüstəm QARAXANLI

Oxşar xəbərlər