Builki Novruz şənlikləri yeni formatda təşkil olunacaq

Builki Novruz şənlikləri yeni formatda təşkil olunacaq Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən builki Novruz şənlikləri yeni - festival formatında təşkil olunaraq 20 gün davam edəcək.
Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək.
Festival ərazisi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək ziyarətçilərə açıq olacaq.
Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.
Festivalda UEFA final liqasının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.
İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası nümayiş etdiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər