İqtisadçı kimdir və nə işlə məşğuldur?

İqtisadçı kimdir və nə işlə məşğuldur? Yaxud iqtisadçı peşəsinin seçimində və iqtisadçı hazırlığında nəzərə alınmalı olan əsas məqamlar…
Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var və bunların əksəriyyətində ya birbaşa iqtisadçı kadrlar hazırlanır, ya da hazırlanan kadrlara iqtisad dərsləri tədris edilir. Ölkədə hər il yüzlərlə abituriyent gələcəyin iqtisadçısı olmaq məqsədilə ali məktəblərə daxil olur, yüzlərlə iqtisadçı da bu ali məktəblərdən məzun olaraq əmək bazarına qoşulur. Heç şübhəsiz ki, bütün bu proseslərdə hər kəsi maraqlandıran əsas cəhət keyfiyyətdir. Başqa sözlə, iqtisadçı peşəsini seçənlər, nə qədər keyfiyyətli seçim edirlər və onlar nə qədər keyfiyyətli yetişdirilirlər? Fikrimizcə, bu proseslərdə keyfiyyətin təmin edilməsi, ilk növbədə ölkədə iqtisadçı olmaq istəyənlərin və onları yetişdirmək iddiasında olanların iqtisadçı peşəsinin tələbləri haqqında yetərli biliklərə sahib olmasından və bu tələbləri nəzərə almasından asılıdır. Bu baxımdan iqtisadçının kim olduğu, nələri bilməli və bacarmalı olduğu və nələrlə məşğul olduğu cavablandırılmalı olan başlıca suallar kimi qarşıya çıxır.
İqtisadçının (“economist”) kim olduğu sualına qısa və ümumi şəkildə, “iqtisadın bilicisi”, “iqtisad eksperti” kimi cavablar vermək mümkündür. İqtisadi lüğətlərdə də bu suala verilən cavablar təxminən bu şəkildədir. İqtisad, iqtisadiyyatı öyrənən elm olduğundan, iqtisadın bilicisi olan iqtisadçı da məhz bu elmin imkanlarından istifadə edərək iqtisadiyyatı, iqtisadi hadisə və prosesləri öyrənən şəxsdir. Bu baxımdan iqtisadçı iki başlıca funksiyanı yerinə yetirir:
İqtisadi hadisə və prosesləri düzgün qiymətləndirərək, onların adekvat izahını vermək;
İqtisadi proseslərin gələcək inkişafı ilə bağlı mümkün ölçüdə tutarlı proqnozlar hazırlamaq.
İqtisadçının funksiyalarını yerinə yetirməsi üçün sadəcə iqtisadı bilməsi yetərlidirmi? Bu suala ən yaxşı cavabın böyük iqtisadçı John Maynarda Keynes tərəfindən verildiyini düşünürəm. Belə ki, Keynes, müəllimi Alfred Marshallın vəfatı münasibəti ilə 1924-cü ildə “Economic Journal”da [No.34(135)] qələmə aldığı məşhur yazısında bir növ iqtisadçının ideal modelini təqdim edir: “Usta iqtisadçı, nadir rast gəlinən bacarıq kombinasiyasına sahib olmalıdır. İqtisadçı, müəyyən dərəcəyə qədər riyaziyyatçı, tarixçi, dövlət xadimi və filosof olmalıdır. O, simvolları anlamalı və onları nitqindəki sözlərə çevirməlidir. Xüsusi olanı ümumi baxımdan düşünməli, həmin düşünmə prosesində abstrakt və konkret olana toxunmalıdır. O, gələcək hədəflər üçün keçmişin işığında bu günü öyrənməlidir. Bəşəriyyətin təbiəti və ya qurumlarının hər hansı bir hissəsi onun maraq dairəsindən tamamilə kənarda qalmamalıdır. O, sinxron bir ruh şəklində həm məqsəd sahibi, həm də bitərəf olmalıdır; bir sənətkar kimi soyuqqanlı və dürüst, bəzən isə bir siyasətçi qədər dünyaya yaxın.“
Göründüyü kimi əgər söhbət iqtisadçının funksiyalarını yüksək səviyyədə yerinə yetirməsindən gedirsə, başqa sözlə usta iqtisadçı olmasından gedirsə, heç şübhəsiz ki, ona yalnız iqtisadı bilmək yetməyəcəkdir. Keynesin göstərdiyi kimi, yaxşı iqtisadçı iqtisadla yanaşı, riyaziyyatı, tarixi, fəlsəfəni, filologiyanı, politologiyanı və digər sosial elmləri bilməlidir. Xüsusilə, sosial proseslərin kompleks xarakter daşıdığı müasir dövrdə, iqtisadçının iqtisadı digər sosial elmlərdən təcrid edilmiş şəkildə öyrənməsi böyük xətadır. Bu gün tarixi bilməyən iqtisadçının etibarlı iqtisadi proqnozlar verməsi, sosiologiya və psixologiyanı bilməyən iqtisadçının iqtisadi gözləntiləri və iqtisadi subyektlərin davranışlarını düzgün təhlil etməsi, politologiyanı bilməyən iqtisadçının iqtisadi siyasət tədbirlərinə obyektiv yanaşması, hüquq bilməyən iqtisadçının real iqtisadi siyasət tövsiyələri verməsi və.s demək olar ki, mümkün deyildir.
İqtisadçı peşəsi, hüquqşünaslıq, mühəndislik, həkimlik kimi peşələrdən fərqli olaraq, əksər ölkələrdə konkret qanunlarla tənzimlənmədiyindən (məsələn, Braziliya bu baxımdan istisnadır və iqtisadçı peşəsi 13 avqust 1951-ci ildə qəbul edilmiş 1411 saylı ayrıca qanunla tənzimlənir) bu peşə qarşısında geniş yayılmış formal tələblər də yoxudr. Amma buna baxmayaraq, ABŞ Əmək Statistikası Bürosu tərəfindən təsbit edilən tələblər mövzu ilə bağlı ədəbiyyatlarda geniş istifadə edilir. Həmin Büronun “Peşələrə Baxış Sorğu Kitabı”nın (“Occupational Outlook Handbook”) sonuncu nəşrində iqtisadçıların başlıca vəzifələrinin aşağıdakılar olduğu qeyd edilir:
İqtisadi problemləri tədqiq etmək;
Anket tədqiqatları aparmaq və verilənləri (məlumatlar) toplamaq;
Riyazi modellərdən, statistik üsullardan və proqram təminatından istifadə edərək verilənləri təhlil etmək;
Tədqiqat nəticələrini hesabatlar, cədvəllər və qrafiklər vasitəsilə təqdim etmək;
Bazar trendlərini şərh etmək və proqnozlaşdırmaq;
Biznesə, hökumətə və fərdlərə iqtisadi mövzularda məsləhətlər vermək;
İqtisadi problemlərin həlli üçün tövsiyələr vermək;
Elmi jurnallar və digər media orqanları üçün məqalələr yazmaq.
Heç şübhəsiz ki, yuxarıda qeyd edilən vəzifələri icra etmək üçün iqtisadçı bir sıra zəruri bacarıqlara da sahib olmalıdır. Bu bacarıqları aşağıdakı şəkildə qruplaşırmaq mümkündür:
Təhlil bacarıqları. İqtisadçı, iqtisadi problemləri öyrənən, qiymətləndirən, izah edən və proqnozlaşdıran şəxs olduğu üçün bu peşəni seçənlər qarşısında qoyulan başlıca tələb də yüksək təhlil bacarığına sahib olmaqdır. Bu baxımdan iqtisadçı, verilənləri ətraflı şəkildə nəzərədən keçirməyi, nümunələri müşahidə etməyi, dərin hesablamalar aparmağı və məntiqi nəticələr çıxarmağı bacarmalıdır. Məsələn, əmək iqtisadçıları əməklə bağlı həyata keçirilən siyasət tədbirlərinin məşğulluğa təsirlərini təhlil edirlər ki, bu da yüksək təhlil bacarıqları tələb edir.
Tənqidi düşünmə bacarıqları. İqtisadçı, mürəkkəb problemləri həll etmək üçün məntiqdən istifadə etməyi və əsaslandırmanı bacarmalıdır. Məsələn, o, ortaya çıxan iqtisadi trendlərin çalışdığı təşkilata necə təsir göstərəcəyini müəyyən edə bilməlidirlər.
Danışıq bacarıqları. İqtisadçı, öz işlərini digərlərinə açıqlamağı bacarmalıdır. Açıqladığı insanlar mütəxəssis ola da bilər, olmaya da bilər. Əsas odur ki, iqtisadçı onların hər birinə uyğun təqdimatlar etməyi və açıqlamalar verməyi bacarsın.
Yazı bacarıqları. İqtisadçı tədqiqat nəticələrini açıq şəkildə yazılı təqdim etməyi bacarmalıdır. O, vaxtaşırı həmkarları və ya müştərilər üçün hesabatlar hazırlamaq, jurnallarda və digər media orqanlarında yazılar yazmaq qabiliyyətində olmalıdır.
İqtisadçıların öyrəndikləri, məşğul olduqları problemlərin dairəsi genişdir və bu dairə zaman keçdikcə daha da genişlənir. Müasir dövrdə iqtisadçılar təhsil, səhiyyə, inkişaf, ekologiya kimi müxtəlif sahələrdəki problemlərin kəmiyyət və keyfiyyət baxımından iqtisadi təhlilini aparırlar. Bəzi iqtisadçılar məhsulların xərclərini, səhiyyəni və ya enerjini tədqiq edir, bəziləri isə məşğulluq səviyyəsi, biznes tsiklləri, valyuta kursları, vergilər, inflyasiya və ya faiz dərəcələrini şərh edirlər. Bir çoxları isə vaxtaşırı tarixi iqtisadi trendləri öyrənir və onlardan proqnozlaşdırmada istifadə edirlər. Buna görə də iqtisadçılar, məşğul olduqları iqtisadi problemlərin xarakterinə görə fərqləndirilirlər. Bu baxımdan iqtisadçılar, əsasən aşağıdakı qruplara ayrılırlar:
Ekonometriklər (econometrik) iqtisadi münasibətləri test etmək məqsədilə modellər qurur və riyazi təhlildən istifadə edirlər.
Maliyyə iqtisadçıları (financial economists) yığımları, investisiyaları və risqləri təhlil edir, maliyyə bazarlarını və maliyyə institutlarını öyrənirlər.
Sənayenin təşkili iqtisadçıları (industrial organization economists) sənayedə firmaların necə təşkil edildiklərini və necə rəqabət aparmalarını öyrənir, anti-inhisar qanunları və onların bazar təsirlərini təhlil edirlər.
Beynəlxalq iqtisadçılar (international economists) beynəlxalq ticarət və onun qloballaşmaya təsirini öyrənir, qlobal maliyyə bazarları və valyuta kurslarını təhlil edirlər.
Əmək iqtisadçıları (labor economists) əmək bazarında tələbi və təklifi öyrənir, məşğulluq səviyyəsi və əmək haqqlarının necə formalaşdığını tədqiq edir, minimum əmək haqqı qanunları kimi siyasət tədbirlərinin və həmkarlar təşkilatları kimi institutların təsirlərini təhlil edirlər.
Makroiqtisadçılar (macroeconomists) və monetar iqtisadçılar (monetary economists) iqtisadiyyatı bütöv şəkildə öyrənir, işsizlik, inflyasiya və iqtisadi artımla bağlı trendləri tədqiq edir, pul təklifi və faiz dərəcələrinin iqtisadiyyata təsirini izah etməyə imkan verən fiskal və monetar siyasətləri təhlil edirlər.
Mikroiqtisadçılar (microeconomists) fərdlərin və firmaların tələb və təkliflə bağlı qərarlarını öyrənir, xüsusilə də müəyyən qiymət səviyyəsində məhsul istehlakçılarının tələbini təhlil edirlər.
İctimai maliyyə iqtisadçıları (public finance economists) dövlətin iqtisadiyyatda rolunu öyrənir, xüsusilə də vergi endirimləri, büdcə kəsrləri, əhalinin rifahı ilə bağlı siyasət tədbirlərinin təsirlərini təhlil edirlər.
İqtisadçıların çalışdıqları sektordan asılı olaraq məşğul olduqları problemlər də fərqlənir. Belə ki, hökumətdə çalışan iqtisadçılar daha çox ölkə iqtisadiyyatı ilə bağlı məşğulluq, qiymətlər, məhsuldarlıq, əmək haqqı və digər parametrlər üzrə verilənlər toplayır və onları təhlil edirlər. Bu iqtisadçılar həmçinin də ictimai xərcləri layihələndirir və normativ-hüquqi sənədlərin iqtisadi təsirləri haqqında siyasətçiləri məlumatlandırırlar. Hökumətdəki iqtisadçıların ekspert rəyləri və tədqiqat nəticələri faiz dərəcələri, vergi qanunları, məşğulluq proqramları, beynəlxalq ticarət sazişləri kimi geniş siyasət tədbirlərinin formalaşmasında çox vaxt həlledici rol oynayır.
Biznesdə çalışan iqtisadçılar daha çox menecer və qərarvericilərə iqtisadiyyatda baş verən proseslərin onların biznesinə necə təsir göstərəcəyini düzgün anlamaqda kömək edirlər. Onlar xüsusilə də firmaların mənfəətini maksimumlaşdırmağa kömək edən istehlkaçı tələbi və satış kimi parametrləri təhlil edirlər.
İqtisadçıların önəmli bir hissəsi universitetlərdə çalışır. Bunlar bir tərəfdən iqtisad elmini tədris edərək yeni iqtisadçılar yetişdirir, digər tərəfdən isə apardıqları tədqiqatlarla həm bu elmin özünün inkişafına, həm də iqtisadiyyatda müxtəlif səviyyələr üzrə daha effektli qərarların alınmasına imkan yaradırlar.
Müasir dövrdə iqtisadçılar, beynəlxalq təşkilatlarda, tədqiqat firmalarında və beyin mərkəzlərində də geniş şəkildə çalışırlar. Müxtəlif iqtisadi problemlərin tədqiqi ilə məşğul olan bu iqtisadçıların təhlil və proqnozları mütəmadi olaraq, qəzet və jurnallarda nəşr edilir.
İqtisadçı peşəsi, tədqiqata və təhlilə əsaslandığından hazırda təkcə universitetlər deyil, digər işəgötürənlər də yüksək kvalifikasiyalı iqtisadçılar axtarır, daha çox fəlsəfə doktoru və ya magistr elmi dərəcəsi olan iqtisadçılara üstünlük verirlər. Yalnız bakalavr dərəcəsinə sahib iqtisadçıların isə məşğulluq imkanları gün keçdikcə daha da məhdudlaşır.
Beləliklə, yuxarıdakı açıqlamalarımızdan göründüyü kimi, iqtisadçı peşəsi kifayət qədər yetkin bir peşədir. Bu gün iqtisadçının konkret funksiyaları, vəzifələri, peşə bacarıqları və məşğul olduğu əsas problemlər var. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bu peşə bir çox hallarda digər peşələrlə qarışdırılır, marketinq, insan resursları, menecment mütəxəssislərinə belə iqtisadçı deyilə bilir. Belə bir vəziyyət isə bir çox hallarda həm iqtisadçı peşəsinin seçimi, həm də iqtisadçıların peşə hazırlığı proseslərinin keyfiyyətinə mənfi təsirini göstərir.

Elşən Bağırzadə,
UNEC rektorunun müşaviri,
iqtisad üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər