ADU-nun rektoru Rumıniyanın Piteşti Universitetinin nümayəndələri ilə görüşüb

ADU-nun rektoru Rumıniyanın Piteşti Universitetinin nümayəndələri ilə görüşüb Aprelin 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb.
Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri Rumın dili və mədəniyyəti mərkəzinin ADU-nun müəllim və tələbə heyətinin də Rumıniya universitetlərinə səfərini təşkil edəcəyinə əminliyini ifadə edib. Rektor Kamal Abdulla Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən razı qaldığını və birlikdə yüksək səviyyəli işlərin görüldüyünü diqqətə çatdırıb. Rumıniya kimi böyük mədəniyyətə və tarixə malik ölkə ilə əlaqələrin inkişaf etdirilməsinin şərəf olduğunu deyən rektor tələbələrin yaradılan fürsətlərdən səmərəli istifadə edəcəyini arzu edib. Kamal Abdulla Piteşta Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasında rumıniyalı yoldaşların yardımçı olacaqlarına əminliyin ifadə edib. Rektor, həmçinin Rumin dili və mədəniyyəti mərkəzində rumin dili ilə yanaşı, Latın dilini tədris edən mütəxəssislərin olmasını təklif edib.
Piteşti Universitetinin prorektoru Emanuel Soare universitetdə olmaqdan şərəf duyduqlarını söyləyib və səmimi qəbula görə təşəkkürünü bildirib. Universitetdə rumin dilinin tədrisinə önəm verilməsini yüksək qiymətləndirən E.Soare Erasmus proqramı üzrə layihələrdən danışıb. O, bu layihələrə ADU-nun müəllim və tələbələrinin geniş marağından təsirləndiyini söyləyib. ADU ilə əməkdaşlığın ən yaxşılardan olacağına inandığını deyən prorektor ADU rəhbərliyini təmsil etdiyi universitetdə görməkdən məmnun olacağını bildirib. E.Soare ADU ilə tərəfdaşlığın inkişaf etdirilməsinin Piteşti Universitetinin rəhbərliyinin diqqət mərkəzində olduğunu deyib. Dillər Universitetinin dillərin öyrədilməsi baxımından ölkənin qabaqcıl universitetlərindən olduğunu deyən E.Soare təmsil etdiyi universitetin də xarici tələbələrə rumin dilini öyrədən qədim universitetlərdən sayıldığını diqqətə çatdırıb.
Görüşdə gələcək perspektivlər, birgə layihələr, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qonaqlar ADU-nun Rumin dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbələrlə görüşlər keçiriblər.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rektoru Rumıniyanın Piteşti Universitetinin nümayəndələri ilə görüşüb


Oxşar xəbərlər