İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans

İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Rayon icra hakimiyyəti ilə birgə keçirilən konfransın iştirakçıları əvvəlcə ədibin kitablarından ibarət “İsmayıl Şıxlı-100” sərgisi ilə tanış olublar.
BDU-nun Qazax filialın direktoru, dosent Arif Rüstəmov “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Sərəncamına uyğun olaraq rayonda silsilə tədbirlər keçirildiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra İsmayıl Şıxlı haqqında film nümayiş olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubileylə əlaqədar görülmüş və nəzərdə tutulan işlərdən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal “Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” mövzusunda məruzə ilə çıxış edib.
Elmi-praktik konfransda “İsmayıl Şıxlı nəsrinin poetikası”, “İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyəti”, “İsmayıl Şıxlının yaradıcılığında millilik və şəxsiyyət anlayışı”, “Ölən dünyam” əsərində mənəviyyat məsələləri”, “İsmayıl Şıxlı yaradıcılığında kinematoqrafiya”, “Cahandar ağa obrazına yeni baxış”, “İsmayıl Şıxlının “Namus qaçağı” əsərindəki Qaçaq Süleyman obrazı gənclərin gözü ilə”, “İsmayıl Şıxlı yaradıcılığında milli adət-ənənələr” mövzularında məruzələr dinlənilib.
Yazıçının oğlu Elçin Şıxlı atasının xatirəsinə göstərilən ehtirama və konfransın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə və filialın kollektivinə dərin minnətdarlığını bildirib.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər