BSU-da İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilib

BSU-da İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilib Bu günlərdə Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının Azərbaycan filologiyası və Jurnalistika fakültəsi ilə birgə təşkil etdikləri tədbiri professor Rəhillə Qeybullayeva açıb. O, İsmayıl Şıxlının zəngin ədəbi irsindən, obrazlar qalareyasından, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov İsmayıl Şıxlının “Cəbhə gündəlikləri” , “Ayrılan yollar” ,“Ölən dünyam” , “Dəli Kür” romanları kimi nəhəng əsərlərdən danışıb. O, yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlilini verib. Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsindən söhbət açan F.Məmmədov "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını qeyd edib, əsəri mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib.
Ədibin oğlu Elçin Şıxlı atası ilə bağlı xatirələrindən danışıb, "Dəli Kür" romanı ilə onun fikir və düşüncələrini gənclərlə bölüşüb. O, Cahandar ağa obrazı üzərində xüsusi dayanıb, romanda Rusiya-Azərbaycan münasibətlərinə ciddi diqqət yetirildiyni bildirib.
Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov çıxışında İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı üçün böyük nasir olmaqla yanaşı, həm də örnək pedaqoq olduğunu qeyd edib. “Hər kəsin taleyində müəllimin yeri var” deyən Şaban Hüseynov İsmayıl Şıxlının tələbəsi olduğundan fəxr hissi duyduğunu vurğulayıb.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Məmmədov İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor
xəzinəsindən bəhrələndiyini, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğunu vurğulayıb. O, İsmayıl Şıxlı nəsrini üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirib.
Sonra tədbir iştirakçılardan professorlar Etibar Babayev, İlyas Həmidov, dosent Şəhla Əhmədova, jurnalist Arif Əliyev İsmayıl Şıxlının zəngin ədəbi- bədii irsi ilə bağlı fikirlər səsləndiriblər. Tədbir iştirakçılar arasında diskussiya ilə davam edib.

BSU-nun Mətbuat Xidməti


BSU-da İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilibBSU-da İsmayıl Şıxlıya həsr olunmuş tədbir keçirilib


Oxşar xəbərlər