ADU Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verir

ADU Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verir Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri Xue Yibo ilə görüş keçirilib.
Görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti, həmçinin tarixi İpək Yolunun tərəqqisi üzrə “Bir kəmər və bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi zamanı aparılan araşdırmalar haqqında məlumat verib. O, qonağı Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan ilə Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.
R.Abbasov Çin dili kursu, mədəni tədbirlərin, elmi tələbə seminarlarının, həmçinin KİV sahəsində gənclər siyasətinə və Azərbaycan-Çin əməkdaşlığına həsr edilən toplantıların keçirilməsi barədə danışıb.
ADU ilə tanışlıqdan məmnunluğunu bildirən Xue Konfutsi İnstitutunun Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti, müasir həyatı ilə məlumatlandırması baxımından fəaliyyətini yüksək dəyərləndirib.
Vurğulanıb ki, institut Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir.
Görüşdə, həmçinin gənclər siyasəti sahəsində iki ölkə arasında informasiya əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verir

Oxşar xəbərlər