Narkomaniyaya yox deyək

Narkomaniyaya yox deyək Bakının Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə kimya-biologiya təmayüllü respublika liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən 25-ci Polis Şöbəsinin rəis müavini, polis baş leytenantı Mətin Qulubəyli müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, şagirdlərə hüquq-mühafizə orqanlarının bu sahədə apardığı genişmiqyaslı mübarizə tədbirləri haqqında məlumat verib.
Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın fəsadlarından danışıb, sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər arasında “ağ ölüm” ön sıralarda dayanır. Bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün ciddi təhlükədir.
40 nömrəli tam orta məktəbin psixoloqu Əsmər Talıbova narkomaniyaya qurşananların cəmiyyətdən təcrid olunmalarından danışıb. Bildirib ki, yeni həyata qədəm qoyan yetkinlik yaşına çatmayanların maariflənməsində hüquq-mühafizə orqanlarının, məktəblərin, pedaqoji müəssisələrin, uşaq təşkilatlarının xüsusi rolu var. Məhz bu qurumların həyata keçirdikləri tədbirlər nəticəsində cəmiyyətdə baş verən hadisələrə obyektiv yanaşmaq üçün şagirdlərdə düzgün təsəvvür yaradılır.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı Günay Qurbanova və başqaları çıxış ediblər.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər